Qərbi Azərbacana qayıdış: Strateji hədəf və yeni məqsədlər.
24 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir. Ölkə rəhbərinin həmin görüşdə səsləndirdiyi fikirlər Qərbi Azərbaycandan olan vətəndaşlarımızın gözlərinə bir ümid işığı, gerçəkləşməkdə olan arzuların nurunu səpdi. Müzəffər Ali Baş Komandan ötən illər ərzində təkcə Qarabağ uğrunda mübarizə aparmadı, ən mötəbər kürsülərdə, ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Cənab Prezidentin çıxışında da qeyd etdiyi kimi, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, Qarabağa, Şərqi Zəngəzura qayıdacağıq və qayıtdıq. Qərbi Azərbaycanlılarda öz doğma torpaqlarına tezliklə qayıdacaqlar. Biz buna da inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün ölkə rəhbərinin ətrafında sıx birləşərək iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq.
Qərbi Azərbaycandan deportasiya olunmuş insanlara münasibət müxtəlif dövrlərdə eyni olmayıb.
Məhz müxtəlif dövrdə siyasi hakimiyyətin Qərbi Azərbaycanlılara ögey münasibəti nəticəsində bu insanlar böyük məhrumiyyətlərə düçar olublar, itkilər veriblər. Bu da bir tarixi faktdır ki, yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, eləcə də hakimiyyətinin bütün dövrlərində bu insanlara diqqət, qayğı olub və onların bir çox problemlərinin həll edilməsi istiqamətində uğurlu addımlar atılıb. Bu böyük faciəyə hüquqi-siyasi qiymət də vaxtilə verilməyib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra imzaladığı fərmanlardan sonra bu deportasiya və soyqırımına hüquqi-siyasi qiymət verilib, bu hadisələrin, bu faciənin sistemli araşdırılması və geniş miqyasda ictimailəşdirilməsi üçün ciddi addımlar atılıb. Ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü bizə tarixi torpaqlarımıza qayıtmaq uğrunda apardığımız mübarizədə yeni güc verdi. Əslində, qeyd edildiyi kimi, bu mübarizənin təməlini 1997-ci il dekabrın 18-də imzaladığı “Deportasiya haqqında” və 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanları ilə Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu mübarizəni davam etdirmək, sona çatdırmaq hər birimizin vətəndaşlıq borcu və Ulu Öndərin ruhu qarşısında övladlıq borcumuzdur. Biz hər birimiz öz növbəmiz də vətəndaş cəmiyyətinin üzvü olaraq Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması, bərpası və bütün bu cinayətlərə görə Ermənistan dövlətinin və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün mümkün olan hər şeyi etməli və öz doğma torpağımız olan Qərbi Azərbaycana qayıdışla bağlı həmin müqəddəs günü daha da yaxınlaşdırmalıyıq. Bu gün bu sahədə də işlər ölkə rəhbəri tərəfindən qətiyyətlə aparılır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yaxın gələcəkdə xəyallarda yaşatdığımız reallıqlara qovuşacaq, öz doğma torpaqlarımıza qayıdıb orada əbədi yaşayacağıq.
Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir və biz tarixi torpaqlarımıza qayıdacağıq.
Qarabağın işğal dövründə hətta bir çox hallarda biz də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, biz haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur. Bu gün biz qətiyyən şübhə etmirik ki, bu geriyə sayım 200 il əvvəlki sıfır nöqtəsinə qədər davam edəcək və biz Qərbi azərbaycanlılar da öz tarixi torpaqlarımıza qayıtmaq imkanı əldə edəcəyik.
Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyev 24 dekabr tarixində Qərbi Azərbaycan icması ilə görüşdə səsləndirdiyi fikirləri ilə əslində doğma tarixi torpağımız olan Qərbi Azərbaycana mənəvi qayıdışın təməlini qoydu.
Nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən cənab Prezident 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edildikdən sonra bu icmanın vahid bir qurumda birləşməsini məsləhət görüb, əslində, icmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaradıb, məhz indi bu işin vacib olduğunu nümayiş etdirir. Bu gün biz əminik ki, qüdrətli sərkərdəmizin prinsipiallığı, müdrik və uzaqgörən diplomatiyası, dövlətimizin gücü və milli birliyimizlə xalqımız haqlı mübarizəsində öz məqsədinə qovuşacaq və tarixi torpaqlarımıza qayıdış tezliklə reallaşacaq. Göyçə gölünün vətəni olan o tayı və bu tayı bizim yolumuzu gözləyir.
Müstəqil Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaradıb.
Bu gün bizim hərbi əməliyyatlarımız həm dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur. Bu dəmir iradəyə sahib xalq hər zaman öz Ali Baş Komandanının ətrafında sıx birləşərək, onun çıxışlarından mənəvi güc alaraq Qərbi Azərbaycana da qaydışla bağlı sülsevər konsepsiyanı hazırlayacaq və onu tezliklə reallığa çevirəcəkdir. Bu gün biz Qarabağdayıq, Şuşadayıq, Laçındayıq, Kəlbəcərdəyik. Növbəti ünvanımız, növbəti hədəfimiz isə tarixi torpaqlarımız – Qərbi Azərbaycandır.
Rəsul Səlimzadə,
YAP-ın gənc fəalı