Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi
İkinci dünya müharibəsində faşizm üzərində həmin o möhtəşəm qələbədən artıq 78 il keçir. Bu qələbə heç də asan başa gəlməyib. Minlərlə soydaşımız, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Həmvətənlərimiz doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan qoruyublar. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Danılmaz məqamlardan biridə budur ki, Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, mühərriklər müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…»
Unutmayaq ki, müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər.
Müharibə illərində xalqımız həm döyüş bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min Azərbaycan əsgər və zabitləri SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılov, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədov, snayperçi Ziba Səlimova, gəmi kapitanı Şövkət Səlimova və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.
Bu gün Qələbənin 78 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.
Əliyev Elvin,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi



