Analitika

Qələbəmizin növbəti rəmzi

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi.Bildirdi ki ,dördüncü dəfədir , bayram tonqalını şəxsən özü azad edilmiş Qarabağ torpağında qalayıb. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalının qalandığını böyük sevinclə vurğulayan prezidentimiz altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində öz suverenliyimizi tam bərpa etdiyimizi və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyünün  tamamilə təmin edildiyini də xatırlatdı.

Şəhidlərimizi rəhmətlə anan cənab prezident söylədi ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik.  Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

Ali Baş Komandan təəssüf hissi ilə vurğuladı ki,İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı.Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini  torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.

O həmçinin torpaqlarımızın azad olunmasına hazırlaşarkən bir çox istiqamətlər üzrə planlı şəkildə işlərin getdiyini qeyd edərək siyasi müstəvidə dünyada Azərbaycanın mövqelərinin möhkəmləndiyini, dostlarımızın sayı böyük dərəcədə artdığını da qeyd etdi. Nəzərə çatdırdı ki, beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Cənab İlham Əliyev Xankəndinin  qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını xatırlatdı.Qeyd etdi ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Fevralın 26-da  Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoyan ölkə başçısı burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladığını və yerlə-yeksan edildiyini söylədi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür.

Sonda xalqa təbriklərini çatdıran prezidentimiz   söylədi ki, ədaləti bərpa etdiyimiz , torpaqlarımızı işğalçılardan azad etdiyimiz üçün qürur duyuruq ,bununla  öz gücümüzü göstərdik.

Nərgiz Muradsoy,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button