
Azərbaycanın qəhrəmanlıq tarixinin ən şərəfli səhifələrindən biri heç şübhəsiz ki, rəşadətli Azərbaycan Ordusunun Vətən uğrunda apardığı mübarizə və bu mübarizənin ön sıralarında dayanan qəhrəman gənclərimizin misilsiz igidliyi ilə bağlıdır. Məhz bu gənclər canlarını təhlükəyə ataraq torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi və xalqımızın qüruru naminə döyüşərək öz adlarını tarixə qızıl hərflərlə yazdılar.
Müstəqil Azərbaycanın formalaşmasında və möhkəmlənməsində gənclər hər zaman aparıcı qüvvə olmuşdur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, bu siyasət nəticəsində vətənpərvər, savadlı, milli-mənəvi dəyərlərə bağlı bir gənc nəsil yetişmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan gəncliyi ölkəmizin gələcəyidir və dövlət bu gələcəyə tam etibar edir.
Xüsusilə gənc hərbçilər Azərbaycan Ordusunun gücünün və ruhunun əsas dayaqlarından biridir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə, müasir texnika və silahlara malik olmaqla yanaşı, ən əsası, yüksək mənəvi ruhla silahlanmışdır. Prezident İlham Əliyev gənc əsgər və zabitlər haqqında danışarkən onların Vətənə sədaqətini, torpağa bağlılığını və döyüş meydanında göstərdikləri şücaəti xüsusi qeyd edir, məhz bu keyfiyyətlərin Qələbəni təmin edən əsas amillərdən biri olduğunu vurğulayır.
Vətən müharibəsi və sonrakı dövrdə aparılan lokal xarakterli əməliyyatlar bir daha sübut etdi ki, Azərbaycan gəncliyi ölümün gözünə dik baxaraq Vətən naminə hər cür fədakarlığa hazırdır. Prezident İlham Əliyev Qələbədən sonra etdiyi çıxışlarda şəhidlərimizin və qazilərimizin, xüsusilə gənc hərbçilərin qəhrəmanlığını xalqımızın milli sərvəti adlandıraraq bildirmişdir ki, məhz bu igid gənclər Azərbaycanın gücünü, iradəsini və sarsılmazlığını bütün dünyaya nümayiş etdirdilər.
Bu gün orduda xidmət edən gənclər təkcə silah tutan əsgərlər deyil, eyni zamanda dövlətçiliyimizin keşiyində duran, müasir dünyagörüşlü, yüksək intizamlı və məsuliyyətli vətəndaşlardır. Azərbaycan Ordusu xalqın ordusudur və bu ordunun əsas hissəsini təşkil edən gənclər öz xalqına, dövlətinə və Ali Baş Komandana sonsuz sədaqət nümayiş etdirirlər.
Qəhrəman gənclərimizin döyüş meydanında göstərdiyi rəşadət bu gün gənc nəsil üçün əsl nümunədir. Onların həyat yolu sübut edir ki, Vətən sevgisi təkcə sözlə deyil, əməli fəaliyyətlə təsdiqlənməlidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bugünkü Azərbaycan gəncliyi qalib ölkənin gəncliyidir və bu Qələbə onların fədakarlığı, əzmi və cəsarəti hesabına mümkün olmuşdur.
Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz təkcə hərbi uğurların deyil, milli qürurumuzun, dövlətçilik iradəmizin və müstəqilliyimizin simvoluna çevrilmişdir. Onların yazdığı şanlı tarix nəsillər boyu yaşayacaq, Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.
Daşqın Mikayılov YAP
Şəki rayon təşkilatının sədri



