Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Ölkə başçısı öz çıxışında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsində Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını bildirib. Prezidentlərin görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi də ətraflı müzakirə edilib. Prezident İlham Əliyev həmkarına danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan bu məsələdə maraqlıdır və məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub. Prezidentlərin görüşü zamanı həmçinin qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət müzakirə edilib. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəlinib. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı