Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.Tarixi faktlar təsdiq edir ki, Azərbaycan – Rumıniya münasibətlərinin əsası hələ XV əsrdə qoyulub. 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldav knyazı Böyük Stefan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bu əlaqələr Səfəvilər dövründə də davam etdirilib. Güman olunur ki, Azərbaycan dilində ilk çap məhsulu rumın knyazı Dmitri Kantemirin iştirakı ilə meydana çıxıb. Belə ki, I Pyotru Xəzərsahili səfərində (1722) müşayiət edən knyaz onun yerli əhaliyə müraciətinin Azərbaycan dilində mətnini hazırlayıb.
Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlib. Rumıniya prezidentinin səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra hər iki prezident birgə mətbuat konfransı keçirib.
Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksək templə inkişaf etməkdədir. Rumıniya Azərbaycan neftinin Avropa bazarlarına ixracında iştirak etmək istədiyini bəyan edib. Bu ölkələr müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrə dair 43 sənəd imzalanıb. 1998-ci il sentyabrın 8-10-da Tarixi İpək Yolunun bərpası ilə əlaqədar Bakıda keçirilən konfransda digər dövlətlərin prezidentləri ilə yanaşı Rumıniya Prezidenti Emil Konstantinesku da iştirak edib və beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas Sazişə imza atıb.
4 iyun 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün Buxarestdə səfərdə olub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparılıb.İki ölkə arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda “Azərbaycan – Rumıniya dostluq cəmiyyəti”, Buxarestdə isə “Rom-Azer” Rumıniya – Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. 2006-cı ildə məşhur rumın bəstəkarı J.Eneskuya Bakıda abidə ucaldılıb. Tanınmış jurnalist Minodor Mitrikanın Azərbaycanın tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Azərbaycanın dirçəlişi” kitabı rumın və ingilis dillərində çapdan çıxıb. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli Rumıniyada rumın dilinə tərcümə edilmiş yeganə klassik şairdir. Yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərləri, B. Vahabzadənin poemaları rumın dilinə tərcümə edilib və çap olunub.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyindən çıxış edir.
Natiqə Əliyeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi