Analitika

Qarşılıqlı hörmətin rəmzi

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Son beş ildə xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib. Bu istiqamətdə atılan addımlardan biri də Prezident İlham Əliyev tərəfindən media orqanlarına, eləcə də, televiziya kanallarına verilən ardıcıl müsahibələrdir. II Qarabağ mühaaribəsi dövründə cəbhədə olduğu kimi, informasiya müharibəsində də mübarizənin əsas ağırlığını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çiyinlərində daşımışdır. O, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, düşmən dezinformasiyasını ifşa etmək üçün müharibə dövründə dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 30-a qədər dərin məzmunlu müsahibə vermişdir. Bu uğurlu siyasət bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Çin və Azərbaycan güclü tərəfdaşdır. Hər iki ölkənin dövlət başçıları arasında mütamadi olaraq görüşlər təşkil olunur. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Bu yanaşma da təbii ki tək tərəfli deyil. Azərbaycan da daim Çinə qarşı isti münasibət bəsləmiş, bir çox sahələrdə strateji əlaqələr həyata keçirmişdir. Əməkdaşlıq münasibətləri üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Azərbaycan və Çin qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Son dövrlərdə Çin ilə aramızda iqtisadi əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Həmçinin, ölkəmizdə xarici şirkətlər üçün investisiya mühiti çox əlverişlidir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin son zamanlar bu sahədə şaxələnmə istiqamətində uğurlu addımlar atılır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir – Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.

Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil – deyə ölkə başçısı qeyd edib.

Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

Qəzənfərli Səlimə,
Xəzər rayonu, H. Z. Tağıyev adına 123 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button