Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin münasibətləri
Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir
İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb.
Çin Xalq Respublikası son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb etməkdədir. Aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Çin xalqı tarixdə çox çətinliklə üzləşib və sərt sınaqlardan keçib. Demək olar ki, sürətli inkişafın əsas səbəblərindən biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır. Hazırda Çin dövlətinin idarəçilik üsulu-idarəsinin və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlilər bunu spesifik xüsusiyyətləri olan idarəçilik forması adlandırır. Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Belə xarici siyasət fəlsəfəsi dünyada təhlükəsizliyin təminində mövcud olan problemlərin fonunda ən doğru olanıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı.
2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edirdi. Təşəbbüsün həyata keçirilməsi üçün Pekin şəhərində “Bir kəmər, bir yol” beynəlxalq elmi tədqiqat mərkəzi yaradıldı.
Azərbaycan xalqı üçün tarixi bir dövrdə, ölkəmizdə “Cümhuriyyət İli” qeyd edildiyi bir vaxtda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər etməsi də hər iki dövlətin əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu onu göstərir ki, 26 il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələr müasir dövrdə də inkişaf edib, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.
V.Fenxe “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib. Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.
Çin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb. İndi hər iki tərəfin qarşısında bundan səmərəli faydalanma və ordularımız arasında mövcud olan əlaqələri genişləndirmək durur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha göstərir. Dövlətlərarası qurulan diplomatik münasibətlərdə ötən dövr ərizində mövcud əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik” – deyə müsahibəsində bildirən Azərbaycan Prezident İlham Əliyev bildirib ki, indi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.”
Bildiyimiz kimi, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq edir. Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman vurğulayırlar. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi, – deyə müsahibəsində qeyd edən Azərbaycan Prezidenti Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşulduğunu və mövcud olmayan infrastruktura investisiya yatırmağa başladığının qeyd edib:”Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq”.
Azərbaycan Prezidenti müsahibəsində Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə edib. Azərbaycanda buna böyük potensial olduğunu bildirən dövlət başçısı Çində böyük texnoloji nailiyyətlərin mövcudluğunu diqqətə çatdırıb. Azərbaycanın prioritetlərinə gəldikdə isə, bərpaolunan enerji mənbələrinin Azərbaycan üçün indi əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb. “Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq”, – deyə Cənab Prezident bildirib.
Göründüyü kimi, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına öz töhfəsini verəcəkdir.
Musayeva Dilarə,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi