Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə
Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir. Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona siyasi və diplomatik dəstək göstərmişdir. Son hadisələr bir çox regional vəzifələrin həllində Azərbaycanın, Rusiyanın və Türkiyənin qarşılıqlı əməkdaşlığının effektliyini bir daha göstərmişdir.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Türkiyə cari ilin sentyabr ayında antiterror tədbirlərini keçirən Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyini bəyan etməklə “Qarabağ Azərbaycan torpağıdır” şüarını bütün dünyaya eşitdirdi. Bundan başqa, hansısa status qəbuledilməzliyini, erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izlədiklərini Türkiyənin Müdafiə Nazirliyi bəyan etmişdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı səsləndirdiyi “İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır” fikri zalda əyləşənlər tərəfindən alqışlarla qarşılanıb.
“Bizim qarşımızda Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkanlar var. Bu fürsətdən istifadə etmək üçün biz Ermənistanla mehriban qonşuluq münasibətlərinə və tam normallaşmaya yönəlmiş prosesə təşəbbüs göstərdik. Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Lakin biz görürük ki, Ermənistan bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilməyib.
Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bizim əsas məqsədimiz hər kəsin, o cümlədən ermənilərin Azərbaycan torpaqlarında dinc yanaşı yaşaması olmalıdır”, – deyə dövlət başçısı bəyan edib. Cənubi Qafqazda sülh və firavanlıq məsələlərinə toxunan cənab Erdoğan bölgədə sülhün, firavanlığın və işbirliyinin qurulmasına gedən yolda tarixi fürsətdən bəhs edib. 30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, azərbaycanlıların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstün olduğunu vurğulayan R.T.Ərdoğan Ermənistanın xarici təxribatlara boyun əyməyəcəyinə ümid etdiyini bildirməklə, qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı antiterror əməliyyatları baş verən zaman Amerikada, Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştirak edən qardaş ölkənin dövlət başçısına orada, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar verdiyinə görə öz təşəkkürünü bidrib. Dövlət başçısı qeyd edib ki, bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, həmçinin Türkiyə tərəfindən atılan qardaşlıq addımıdır.
Qasımova Xəyalə,
Xəzər rayonu, 323 №li tam orta məktəbin direktoru