Analitika

Qardaşlıq jesti

“Dostun evini öz  evin bil” demişdir atalarımız. İnsanın arxa dayağı, söykənə biləcəyi etibarlı kürək olanda güclü olur. O, dost evindən, dost sözündən, dost qoynundan ilham alır. Tarix boyu Azərbaycan xalqının yanında olan, maddi və mənəvi dəstəyini heç bir zaman əsirgəməyən qardaş Türkiyə! Bəli, sözün əsl mənasında qardaş !

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfər etdi. Səfər kifayət qədər diqqətçəkən məqamlarla və mesajlarla yadda qaldı. Səfərin Naxçıvanda baş tutması ilk diqqətçəkən məqamdır. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın Naxçıvana sayca ikinci səfəridir. Ümumiyyətlə, Naxçıvan iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir. Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub. Bu mənada Naxçıvandan verilən mesajlar həm də Bakı-Ankara ortaq strateji maraqları və hədəfləri baxımından ipucları verir.

Ərdoğanın səfəri bir çox baxımdan diqqət çəksə də hesab edirəm ən diqqətçəkən məqam İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasiminin keçirilməsi oldu. İlk öncə onu qeyd edim ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Bu baxımdan kəmərin əhəmiyyəti isə birdən çoxdur.

İlk növbədə, İğdır-Naxçıvan qaz kəməri ilk növbədə Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verəcək. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Əslində Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfəri dünyaya bir  mesajdır. Dostluğun,əbədiliyin, ölməzliyin , daimiliyi mesajıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında öz əksini tapmış önəmli mesajlar:

– “Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.”;

-“Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir.”;

-“Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.”;

-“Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir.”;

-“Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.”;

-“Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır.”;

-“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik.”.

Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri bəzi dairələr tərəfindən İrana və ya Ermənistana mesaj kimi dəyərləndirilir. İlk baxışda bu belə təsir bağışlayır. Bu yanaşmanın həqiqətə oxşarlıq payı olsa da, düşünmək olar ki, Türkiyə lideri Naxçıvana gəlməklə, Azərbaycan, Türkiyə, İran və Ermənistan münasibətlərinə yeni baxış imkanlarını, regionun sabitlik və əmin-amanlığını müzəkirə etmək üçün yeni məkanın mövcudluğu mesajını verdi.

Rəcəb Tayyib Ərdoğanın bu səfərini hazırda müzakirə və mübahisə predmeti olan Zəngəzur dəhlizinin ətrafındakı müzakirələrin daha xaricdə deyil, elə Naxçıvanda aparılmasının mümkünlüyünə işarə kimi də qəbul etmək olar.

Ulduz Heydərova,
Xəzər rayonu 322 №li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button