Analitika

Qardaşlıq əlaqələrinin təzahürü

Bildiyimiz kimi, fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə Prezidentimiz çıxış edərək bildirdi ki, Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Onun güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

Cənab Prezident II Qarabağ müharibəsini xatırladaraq müharibə zamanı Türkiyənin dəstəyini unutmadığımızı, yanımızda olan qardaş Türkiyəyə minnətdarlığımızı ifadə etdi. Söylədi ki, bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

Ölkə başçımız söylədi ki, Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edildiyini vurğulayan cənab Prezident, əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulduğunu, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsi olduğunu qeyd etmişdir.

Hərbi sahədə işbirliyi zamanı ordularımızın bir yumruq kimi hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirildiyini və beləliklə, bizim hərbi gücümüzün daha da artdığını nəzərə çatdıran ölkə başçısı İkinci Qarabağ savaşı və ondan sonra 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatının bir daha Türkiyənin Ordu modelinin Azərbaycanda artıq tam formalaşdığını göstərdiyini dedi. Əlavə etdi ki, Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir. O, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer olmadığını və bundan sonra heç vaxt olmayacağını qətiyyətlə diqqətə çatdırdı.

Təhsil mövzusuna toxunan İlham Əliyev söylədi ki, təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının sadəcə olaraq, təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzi olduğuna diqqət çəkən Prezidentimiz əminliklə vurğuladı ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Sonda Rəcəb Tayyib Ərdoğana göstərdiyi qonaqpərvərlikdən ötrü təşəkkürünü bildirən Ali Baş Komandanımız Türkiyə prezidentini Azərbaycana dəvət etdi və nitqini yekunlaşdırdı.

Nərgiz Muradsoy,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button