Qardaşlığın və birliyin ifadəsi

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib. Onu da qeyd edək ki, bu Tokayevin dövlət başçısı kimi Azərbaycana ikinci səfəridir. Səfər zamanı Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəznin açılışı olub. Prezident Kasım-Jomart Tokayevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfər etməsi Qazaxıstan dövlətinin işğal dönəmində ölkəmizin ərazi bütövlüyünü tanımasının siyasi yekunu olaraq qardaşlığın, birliyin və Azərbaycana olan sevgisinin ifadəsi kimi qiymətləndirmək olar. Qazaxıstan yeni Azərbaycanın quruculuğuna töhfə verməyə hazır olduğunu hər zaman bəyan edir. Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Bu gün Qazaxıstan və Azərbaycan arasında geniş müqavilə-hüquq bazası mövcuddur: Buraya müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər daxildir. Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur. O da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi