Qardaş ölkənin sevinci sevincimiz, acısı acımızdır
Martın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edən dövlət başçısı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub… Ölkə başçısı yaralananlara şəfa diləyib və bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə, Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
Türk Dövlətləri Təşkilatının dövlət başçıları Fövqəladə Zirvə görüşündə 6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərq bölgəsində baş vermiş minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək, üzv və müşahidəçi dövlətlərin xalqlarına, eləcə də digər ölkələrə və beynəlxalq təşkilatlara, platformalara zəlzələlərdən daha çox zərərçəkmiş ərazilərə dərhal yardım əlini uzatdıqlarına görə minnətdarlıqlarını bildiriblər. TDT-nin dövlət başçıları “Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq təbii fəlakətlərin yaratdığı problemlərin aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyini və bundan əlavə bir sıra məsələləri diqqətə alaraq Ankara Bəyannaməsini qəbul etdilər. Qəbul edilmiş 16 maddəlik Bəyannamənin ilk bəndlərində Türkiyə Cümhuriyyətinin tarixinin son 100 ilinin və əsrin fəlakətinin fəsadlarının aradan qaldırılmasına önəm verilir. Türk Dövlətləri zəlzələlərdən sonra Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya, Adana və zəlzələdən əziyyət çəkmiş ətraf ərazilərdə bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını bildirdilər, digər ölkələr və beynəlxalq təşkilatlar, platformalar tərəfindən fəlakətdən sonra həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarını alqışladılar və bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər. Qəbul edilmiş Ankara Bəyannaməsində xüsusilə vurğulandı ki, TDT qardaş Türkiyə xalqına dəstək olaraq milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə fəaliyyətə hazırdır. Dövlət və hökumət başçıları Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək Türkiyə dövlətinin zəlzələnin fəsadlarını ən qısa vaxtda aradan qaldıracağına əminliklərini ifadə etdilər.
Türkiyə dünyanın ən çox zəlzələyə meyilli ərazilərindən biridir. Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük – Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb. Onlardan çoxu öldürücü həddə olur. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdu. Zəlzələnin baş verdiyi qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır. Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğunu deyirlər. Xüsusilə də 1882-ci il avqustun 13-də həmin qırılma xəttinin səbəb olduğu 7.4 bal gücündə zəlzələ buna nümunə ola bilər. Lakin həmin zəlzələ bu gün 7.8 bal gücündə baş verən zəlzələdən aşağı olub. Buna baxmayaraq, 19 əsrdə baş verən zəlzələ həmin ərazidə yerləşən şəhərlərin dağılmasına və tək Hələb şəhərində 7 min nəfərin ölümünə səbəb oldu.
2023-cü ilin fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu vilayətlərdə fövqəladə vəziyyət elan edib və ölənlərin xatirəsinə ölkədə 7 günlük matəm elan olunub. Qardaş ölkənin 10 vilayətində yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, dövlətimizin bütün əhalisi uşaqdan-qocasına qədər hər kəs öz əlindən gələn qədər həm maddi, həm mənəvi yardım etməyi özünə borc bilib əzəldən bir millətik, iki dövlət şüarının tam haqqını verərək Türkiyə Respublikasının yanında olmuşdur və olmağa davam edir. Bu çətin günlərdə Türkiyə Respublikasına ən böyük dəstək, sözsüz ki, qardaş ölkə dediyi Azərbaycandan gəlmişdir. Dövlətimizdə qardaş ölkədə olan bu faciəvi hadisədən çox böyük məyusluq hissi keçirir. Böyükdən-kiçiyə hər kəs Türk soydaşlarımız üçün dua edir, onlara hər cür dəstək olmağa çalışır.Türkiyədə 7,6 maqnitudalı olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb.
Fikrət Orucov,
YAP-ın gənc fəalı