GündəmAnalitikaSiyasət

Qarabağın Qapısında Qələbə

2020-ci il 17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Həmin gün qəhrəman Azərbaycan Ordusu uzun illər erməni işğalı altında qalmış Füzuli rayonunu azad etdi. Bu hadisə yalnız bir şəhərin deyil, bütöv Qarabağın taleyini dəyişən tarixi dönüş nöqtəsi oldu. Füzulinin azadlığı xalqın birliyinin, dövlətin iradəsinin və əsgərin fədakarlığının təntənəsi idi.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin, amma ən şərəfli səhifələrindən biri idi. Minalanmış ərazilər, möhkəmləndirilmiş müdafiə xətləri və təbii maneələrə baxmayaraq, Azərbaycan Ordusu böyük strateji məharət və yüksək döyüş ruhu göstərdi. Şəhərin azad edilməsi ilə Qarabağın digər bölgələrinin qurtuluşu üçün yol açıldı.
Bu qələbə, həm də Azərbaycan dövlətinin güclü siyasi və hərbi liderliyinin göstəricisi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar planlı, dəqiq və məqsədyönlü şəkildə icra olundu. Füzulinin azad olunması xalqın illərlə içində yanan vətən sevgisini yenidən alovlandırdı, bir millət kimi birliyimizi möhkəmləndirdi.
Bu gün Füzuli azad torpaqların dirçəliş simvoluna çevrilib. Azadlıqdan sonra şəhərdə bərpa və quruculuq işləri geniş vüsət alıb, yeni yollar, məktəblər, hava limanı və yaşayış məhəllələri inşa olunur. Hər 17 oktyabrda Azərbaycan xalqı o şanlı günü xatırlayaraq şəhidlərə minnətdarlıqla baş əyir və qalib ordusu ilə fəxr edir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Kamran Mustafayev

Oxşar Xəbərlər

Back to top button