AnalitikaGündəmSiyasət

Qarabağ həqiqətlərini yerində görən diplomatik korpus

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisədir. Xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri, burada aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanış olmaları, həmçinin insanların öz doğma yurdlarına qayıdış prosesini görmələri Qarabağ həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.

Bu səfərin diqqətçəkən məqamlarından biri də ondan ibarətdir ki, diplomatlar hadisələrə yalnız müxtəlif siyasi açıqlamalar və ya birtərəfli məlumatlar əsasında deyil, əraziləri şəxsən ziyarət etməklə şahidlik edirlər. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, yeni yaşayış məntəqələrinin salınması, yolların və digər infrastrukturun qurulması bölgədə həyatın yenidən bərpa olunduğunu nümayiş etdirir. Bütün bunlar Azərbaycanın müharibədən sonrakı mərhələdə qarşıya qoyduğu əsas məqsədlərdən birinin – dayanıqlı sülh və inkişaf üçün real şərait yaradılmasının – praktiki ifadəsidir. Lakin bölgədəki reallıqların beynəlxalq nümayəndələr tərəfindən birbaşa müşahidə edilməsi bəzi erməni revanşist dairələrinin narahatlığına səbəb olur. Bu qüvvələrin müxtəlif bəyanatlarla diplomatik səfərlərə münasibət bildirməsi onların bölgədə yaranmış yeni siyasi və hüquqi reallıqları qəbul etməkdə çətinlik çəkdiyini göstərir. Xüsusilə səfərin mahiyyətini təhrif etməyə yönələn yanaşmaların səsləndirilməsi obyektiv mənzərənin formalaşmasına mane ola bilməz.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və reinteqrasiya siyasəti regionun gələcəyinə dair yeni yanaşmanın əsasını təşkil edir. Burada əsas məsələ keçmiş qarşıdurmaların yenidən gündəmə gətirilməsi deyil, regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin edilməsidir. Bu reallıq beynəlxalq nümayəndələrin səfərləri zamanı daha aydın görünür.

Diplomatik korpusun nümayəndələrinin səfəri eyni zamanda informasiya müstəvisində də əhəmiyyətlidir. Uzun illər ərzində Qarabağla bağlı müxtəlif təbliğat kampaniyalarının təsiri altında formalaşdırılmış təsəvvürlərin yerində müşahidələrlə müqayisə edilməsi obyektiv məlumatın yayılması baxımından vacibdir. Reallığı görmək və həmin reallıq əsasında nəticə çıxarmaq isə hər bir diplomatın və dövlətin öz hüququdur.

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədəki vəziyyət haqqında birbaşa məlumat əldə etmək baxımından əhəmiyyətli addımdır. Revanşist dairələrin buna verdiyi sərt reaksiyalar isə səfərin yaratdığı informasiya və diplomatik təsirin qarşısını almaq imkanında deyil. Çünki yeni reallıqlar artıq yalnız siyasi bəyanatlarda deyil, Qarabağ və Şərqi Zəngəzurun gündəlik həyatında, bərpa olunan şəhər və kəndlərində, geri qayıdan insanların həyatında öz əksini tapır.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button