Qanlı Yanvar hadisələrinin 34-cü ildönümü Azərbaycan Respublikasının ərazisində böyük ağrı və fəxarət hissi ilə yad edilir
Azərbaycan Respublikasının tarixində bir çox unudulmayan tarixlər , günlər mövcud olmuşdur. Bunlardan biri də 20 Yanvar tarixidir. Tarixə Qanlı Yanvar kimi düşən bu gün Azərbaycanın həm qürurlu, həm də ən dəhşətli günlərindən biridir. 20 yanvar hadisələri 1990-cı il yanvarın ayının 19-dan 20- nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantlarından ibarət qoşun Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu faciəni həyata keçirənlər böyük xainlik, namərdlik etmişdir. Belə ki, ölkədə fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, cinayətkar qoşun hissələri yanvarın 19-u saat 21:00-dan etibarən şəhərə daxil oldular. Qanunlara uyğun olaraq, əhali fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı xəbərdar edilməlidir, lakin Azərbaycan xalqı xəbərdar edilmədi və düşmənin amansız vəhşiliklərinə qurban getdi.
Bu qanlı faciədən sonra 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev bütün qadağalara baxmayaraq, Moskvaya gəlmiş və həyata təhlükəyə ataraq, həyata keçirilən bu amansız, qanlı faciənin təşkilatçıları barədə dünya ictimaiyyətinə məlumat vermişdir. O, öz cəsarətli bəyanatında bu dəhşətli qətliamı kobud siyasi səhv kimi ifşa etdi.
20 Yanvar hadisələri sadəcə zavallı xalqın qətliamı kimi yox, həm də mübariz Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi tarixə düşmüşdür. Yalın ayaq, silahsız düşmən qarşısında dimdik dayanan xalqımız öz mübarizliyi, şücaəti ilə hər zaman yaddaşlarda qalacaqdır. Bu gün Qanlı Yanvar hadisələrindən 34 il keçir, lakin Azərbaycan xalqı yenə də bu günü ilkgünkü ağrı və qürur hissi ilə yad edir. Bunun ən böyük təcəssümüdür ki, hər il bütün ölkə ərazisində 20 yanvar günü saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar hadisələrində şəhid olan qəhrəman Azərbaycan oğul və qızlarının mübarizəsini, cəsarətini yüksək qiymətləndirir, şəhidlərimizin əziz xatirəsini uca tutur və onları böyük ehtiramla yad edir.
Zərxanım Abbasova,
YAP-ın fəalı