Qalib xalq Azərbaycan xalqının qalib lideri Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu yana ümummilli lider Heydər Əliyevin apardığı çoxşaxəli daxili və xarici siyasət strategiyasını uğurlu şəkildə həyata keçirir. Dövlət başçısının reallaşdırdığı bir çox layihələr bu gün ölkəmizin inkişafında mühüm rol oynayır. Bunlara enerji sahələrini, neft və qaz sənayesini, daxili siyasət xəttində ölkədə həyata keçirilən islahatları misal çəkmək olar. Yaradılan hər yeni infrastruktur, aparılan hər islahat, qəbul edilən hər qanun, reallaşdırılan hər layihə, açılan hər təhsil və səhiyyə obyekti sadəcə ölkəmizin regionun aparıcı dövlətlərdən birinə çevrilməsinə xidmət edir.
Azərbaycan Respublikasının adını dünyanın və regionun tarixinə qalib xalq, qalib dövlət olaraq yazdıran ən mühüm hadisə isə, sözsüz ki, 2020-ci ildə baş verən Vətən müharibəsidir. 1990-cı illərdə Ermənistan tərəfindən vəhşicəsinə işğal edilən əzəli Azərbaycan torpaqları 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bu qələbənin, bu tarixə qızıl hərflərlə yazılmış Zəfərin ən böyük amillərindən biri Azərbaycan xalqının öz ölkə başçısına olan sədaqəti, etimadı və öz ordusuna olan inamı idi. Həmçinin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası öz suverenliyini tam bərpa etdi və haqlı mübarizəsindən qalib olaraq çıxdığını bütün dünyaya bəyan etdi.
İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan istər beynəlxalq əlaqələr çərçivəsində böyük əməkdaşlıqlara imza atmış, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərə əsaslanan dostluqlar yaratmışdır. Bütün bunlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafına nail olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası üçün çəkdiyi zəhmətlərin simvolları olaraq İlham Əliyev bir çox orden, medal və fəxri adlarla təltif edilmişdir.
Cənab Prezident İlham Əliyev xalqın həmrəyliyini, birliyini hər şeydən üstün tutmuşdur. Elə bu birliyə, xalqın sevgisinə və ona olan sədaqətinə arxalanaraq iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə sinə gərə bildi. Hazırda Azərbaycan xalqının və dövlətinin dünyanın gündəmində olmasının əsas təzahürüdür, bu yenilməz sevgi və bağlılıqdır. Xalq və dövlət başçısı arasında olan bu sarsılmaz birlik dünyanı heyrətə gətirmişdir. İlham Əliyev Azərbaycan Respublikasını regionda və beynəlxalq arenada mükəmməl şəkildə təmsil edir. İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasəti, millətinə olan bağlılığı Azərbaycan Respublikasının gələcək inkişafında ən böyük faktordur.
Zərxanım Abbasova,
YAP-ın fəalı