
Beynəlxalq Qadınlar Günü haqqında düşünəndə mən sadəcə təqvimdəki bir tarix haqqında düşünmürəm, eyni zamanda qadının içində gizlənən, çox vaxt ilk baxışdan görünməyən o dərinlik haqqında düşünürəm. Mən şairəyəm. Özümü dərindən tanıdıqım gündən bəri həyatımı poeziyaya həsr eləmişəm. Dərin düşünməyi və fikirlərimi düzqün formada vərəqə qeyd etmək bacarıqını mənə anam öyrədib,hisslərimi eşitməyi isə Allahdan bir pay sayıram. Poeziya mənim üçün sadəcə yaradıcılıq deyil. Poeziya mənim dilimdir, düşüncəmdir və ruhumun səsidir. Bəlkə də buna görə qadın talelərini həmişə daha diqqətlə dinləmişəm. Mənim şeirlərimdə qadın heç vaxt tək bir obraz daşımır. O həm güclü, həm də zərif ola bilər. Bəzən susar amma o sükutun içində uzun sözlərdən daha çox qısa bir həqiqət gizlənər. Bəzən qadının yolu ağrıdan keçir, bəzən bir tək umiddən, bəzən isə tək qalmaqdan. Amma demək olar ki, hər zaman onun içində səssiz bir mübarizə yaşanır bunu yalnız onun ürəyi bilir. Şeir yazanda mən sanki bir çox qadın talelərini yaşayırmış kimi oluram.İntizarda olan qadını da hiss etməyə çalışıram, hər şeyini itirmiş qadını da, bağışlamağı öyrənən qadını da, bütün çətinliklərdən sonra yenidən həyata ürəyini açmağı bacaran qadını da.
Amma həyatımda mənə qadının gücünü hər gün göstərən başqa bir tərəf də var. Mən müəlliməyəm. Və bu yolu sadəcə peşə kimi seçmədim. Mənim üçün müəllim olmaq insanlara yalnız sözləri və qaydaları öyrətmək deyil — onların daxilində ümid oyatmaq, özlərinə inanmağa kömək etmək və hər yeni addımda onları ruhlandırmaqdır. Bəlkə də bu hiss mənə təsadüfən gəlməyib. Mənim nənəm fars dili müəlliməsi idi. O, illər boyu insanlara dil öyrədərək onların dünyasını genişləndirirdi. Onun danışığında həmişə bir hikmət, bir səbir və insanlara qarşı böyük bir mərhəmət vardı. Mən uşaq olanda onun müəllimliyinə sadəcə baxırdım, amma o zaman bunun nə qədər böyük və nəcib bir yol olduğunu tam anlamırdım.
Nənəm bu dünyadan köçəndə isə mən çox şeyi daha dərindən hiss etdim. O zaman anladım ki, müəllim olmaq sadəcə bir peşə deyil bu, insanın arxasında işıq qoyan bir yoldur. Və mən sanki onun başladığı o nəcib yolu davam etdirməli olduğumu hiss etdim. Artıq 3 ildir ki 3 fərqli dildə dərs deyirəm və hər zaman fərqli insanlarnan garşılaşıram.Onlar mənim sevimli tələbələrimdi.Tələbələrimin arasında 17 yaşlı qızlar da və hətta 57 yaşında qadınlar da. Onlara baxanda hər dəfə eyni düşüncə ağlıma gəlir: qadın necə heyrətamiz varlıqdır. Həyatın yorğunluğuna, məsuliyyətlərinə, keçdiyi yollara baxmayaraq o yenə də inkişaf etməyə davam edir. O yeni dillər öyrənir, yeni biliklər qazanır, həyatında yeni qapılar açmağa çalışır. Bəzən tələbələrimə baxanda düşünürəm ki, mənim şeirlərimdə yaşatdığım qadın obrazları əslində elə bu qadınlardır. Onların içində səssiz, amma çox möhkəm bir iradə var, irəli getmək, dəyişmək, öyrənmək iradəsi. Bəzən qadının gücü ucadan danışmaqda deyil. Bəzən onun gücü yenidən həyata yenidən inanmaqda olur. Yenidən başlamaqda. Yenidən öyrənməkdə. Yenidən xəyal qurmaqda. Elə buna görə də mənim üçün qadın həmişə poeziyanın ən dərin mövzusu olub. Çünki qadının qəlbində hisslərin, sınaqların və ümidlərin bütöv bir dünyası yaşayır. Bu gün bütün qadınlara arzum: zaman dəyişsə də, onların ruhu və kimliyi həmişə parlasın. Öz daxili güclərini, dərinliklərini və həyatın incəliklərini hiss etmək qabiliyyətlərini qorusunlar. Qoy həyatınızda daha çox işıq, hörmət və səmimi sevgi olsun. Qoy arzularınız reallığa çevrilmək üçün yol tapsın. Və hər bir qadın bilsin ki, onun keçdiyi yol, qazandığı təcrübə və qəlbinin dərinliyi onun ən böyük gücü və gözəlliyidir.
Zivərxanım Məmmədova Murad,
Linguist və şairə



