Qadına verilən dəyər cəmiyyətin inkişaf səviyyəsindən xəbər verir
Cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır.
Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Təhsil, səhiyyə, mədəniyyət sahələrində, idarəetmə orqanlarında qadınlar hər zaman yüksək vəzifələrə irəli çəkilirlər.
Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir.
Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzümüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı