AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının PrezidentiAntonio Koştanın birgə mətbuat bəyanatı

Martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və verilən birgə bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin strateji xarakter daşıdığını nümayiş etdirdi. Görüş zamanı tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi və enerji əməkdaşlığının inkişafı, regionda sülh və sabitliyin möhkəmləndirilməsi, həmçinin nəqliyyat və rəqəmsal sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərini müzakirə etdilər.

Prezidentlər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın strateji əhəmiyyətini xüsusi vurğulayaraq son dövrlərdə keçirilən yüksəksəviyyəli görüşlərin müsbət dinamikasını qeyd edərək təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğunu bildirdilər. Tərəflərin fikrincə, bu əməkdaşlıq yalnız iki tərəfin maraqlarına xidmət etmir, eyni zamanda Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.
Birgə bəyanatda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslandığı xüsusi qeyd edildi. Tərəflər bir daha təsdiqlədilər ki, münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında qurulub və bu münasibətlərdə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsas prinsiplərdən biridir. Bu yanaşma iki tərəf arasında etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmlənməsi üçün mühüm baza rolunu oynayır.
Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsaslarının daha da gücləndirilməsi məsələsinə də toxunuldu. Prezidentlər münasibətlərin inkişafına yeni impuls verəcək əhatəli ikitərəfli saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vacibliyini bildirdilər. Bununla yanaşı, yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və mövcud dialoq mexanizmlərindən, o cümlədən, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasından daha səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd olundu.
Görüşdə regionda sülh və sabitliyin təmin olunması məsələsi də geniş müzakirə edildi. Prezidentlər ayırıcı xətlərdən azad, dinc və inkişaf edən Cənubi Qafqaz regionunun formalaşdırılması kimi ortaq strateji məqsədi bir daha təsdiqlədilər. Bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə edilən irəliləyişlər müsbət qiymətləndirildi. Xüsusilə 2025-ci il 8 avqust tarixində keçirilmiş Vaşinqton Zirvə Görüşünün nəticələri və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirildi. Avropa İttifaqı tərəfi regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli dialoqu dəstəklədiyini bir daha bəyan etdi.
Birgə bəyanatda Azərbaycanın münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri də qeyd olundu. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan yenidənqurma layihələrinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi bildirildi. Bununla yanaşı, mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığı vurğulandı və bu sahədə beynəlxalq dəstəyin artırılmasının vacibliyi qeyd edildi. Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində əsas beynəlxalq donor kimi fəaliyyət göstərməsi xüsusi vurğulandı.
Prezidentlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyası olan Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədinin həyata keçirilməsinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirdilər. Bu strategiya çərçivəsində ticarət, nəqliyyat, investisiya, iqtisadi dayanıqlılıq və təmiz enerji kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edildi.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da görüşün əsas mövzularından biri oldu. Prezidentlər Azərbaycanın regional nəqliyyat bağlantılarının inkişafında oynadığı aparıcı rolu yüksək qiymətləndirdilər. Xüsusilə Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı bildirildi. Avropa İttifaqı tərəfi isə öz növbəsində Qlobal Qapı təşəbbüsü çərçivəsində Azərbaycan ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu təsdiqlədi. Bu təşəbbüs çərçivəsində Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernləşdirilməsi və regional nəqliyyat əlaqələrinin inkişafı kimi layihələr xüsusi əhəmiyyət kəsb edir.
Enerji sahəsində əməkdaşlıq bir daha Azərbaycan ilə Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biri kimi vurğulandı. Prezidentlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etdilər və 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun icrasının davam etdirilməsinə sadiq olduqlarını bildirdilər. Bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti xüsusi qeyd olundu. Eyni zamanda külək və günəş enerjisi kimi bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi və enerji infrastrukturunun inkişafı üçün yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Birgə bəyanatda həmçinin Qara dənizin dibi ilə elektrik enerjisi ötürülməsi layihəsi kimi mühüm enerji bağlantısı təşəbbüslərinə də toxunuldu. Bu layihə gələcəkdə Azərbaycan ilə Avropa arasında yaşıl enerji əməkdaşlığının daha da genişlənməsinə xidmət edəcək.
Prezidentlər 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 konfransının uğurlu nəticələrini yüksək qiymətləndirdilər. Bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyi qeyd olundu və tərəflər bu istiqamətdə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildirdilər.
Bununla yanaşı, Azərbaycanın 2026-cı ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumu 2026na ev sahibliyi etməsi də yüksək qiymətləndirildi. Prezidentlər bu forumun davamlı şəhərsalma və dayanıqlı şəhər inkişafı sahəsində qlobal səylərə mühüm töhfə verəcəyini qeyd etdilər.
Görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində oldu. Prezidentlər mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhlükələrlə mübarizədə daha sıx əməkdaşlığın vacibliyini vurğuladılar.
Rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biri kimi qeyd edildi. Tərəflər süni intellekt və digər yeni texnologiyaların qlobal iqtisadiyyatda artan rolunu nəzərə alaraq bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladılar. Bu əməkdaşlıq innovasiyanın inkişafına, iqtisadi dayanıqlılığın artırılmasına və rəqəmsal ekosistemlərin formalaşmasına mühüm töhfə verə bilər.
Prezidentlər insanlar arasında təmasların artırılmasının da ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etdilər. Bu kontekstdə Viza Sadələşdirilməsi Sazişinin davamlı icrası alqışlandı və təhsil, mədəniyyət, gənclər və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.
Görüş zamanı həmçinin qlobal və regional geosiyasi məsələlər müzakirə olundu. Liderlər İran və Ukraynada baş verən hadisələr də daxil olmaqla beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Bakıda keçirilən bu görüş və qəbul edilən birgə bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Strateji tərəfdaşlıq, qarşılıqlı maraqlar və ortaq inkişaf məqsədləri əsasında qurulan bu münasibətlər gələcəkdə regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button