Prezident İlham Əliyevin xalqa Novruz bayramı təbrikini Xankəndidən ünvanlaması hər birimizi növbəti dəfə qürurlandırdı
“Prezident İlham Əliyevin xalqa Novruz bayramı təbrikini Xankəndidən ünvanlaması, Zəfər meydanında tonqal qalaması bizlərin hər birini növbəti dəfə qürurlandırdı, eyni zamanda duyğulandırdı. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Bu, beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Cənab Prezidentin Novruz bayramında Xankəndi şəhərinə səfəri mənəvi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə bu səfər, Azərbaycan xalqının 30 illik həsrətinin sonu, arzularımızın gerçəkləşdiyinin əyani sübutu idi. Cənab Prezidentin Xankəndidən xalqa müraciət etməsi ilə, hər bir azərbaycanlının bayram əhval-ruhiyyəsi daha da yüksəldi. Bununla da biz bütün dünyaya göstərmiş olduq ki, biz öz ərazi bütövlüyümüzü nəyin bahasına olur olsun, bərpa etməli idik və bunu etdik. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Bugünkü güclü Azərbaycan bütün işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.