
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətindən, Azərbaycanın multikulturalizm ənənələrindən və beynəlxalq əməkdaşlığın inkişafındakı rolundan bəhs edib. Prezident qeyd edib ki, 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirilən ilk forumdan sonra bu tədbir müxtəlif sivilizasiyalar arasında münasibətlərin inkişafına xidmət edən mühüm beynəlxalq platformaya çevrilib. 2026-cı il forumunda 100-dən çox ölkədən 2000-dən artıq iştirakçının, o cümlədən 500-dən çox xarici qonağın iştirakı tədbirin beynəlxalq əhəmiyyətini göstərib.
Dövlət başçısı Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini və tarixən bu iki qitə arasında mədəni körpü rolunu oynadığını vurğulayıb. O bildirib ki, ölkəmizdə multikulturalizm, dini və etnik tolerantlıq xalqımızın əsrlər boyu qoruyub saxladığı dəyərlərdir. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar. Prezidentin fikrincə, cəmiyyətdəki həmrəylik, qarşılıqlı hörmət və anlaşma ölkənin sabit inkişafının əsas amillərindəndir. O, həmçinin Azərbaycançılıq ideyasının müxtəlif xalqları vahid milli dəyərlər ətrafında birləşdirdiyini qeyd edib.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə, milli kimliyini və dövlətçiliyini qorumaq istiqamətində gördüyü işlərə də toxunub. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğunu bildirib. Prezident vurğulayıb ki, Azərbaycan münaqişənin başa çatmasından sonra Ermənistanla sülh münasibətlərinin qurulmasını dəstəkləyib. Onun fikrincə, müharibələrə son qoymaq, beynəlxalq hüquqa hörmət etmək və dövlətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək dünya miqyasında sülhün təmin olunması üçün vacibdir.
Cənab Prezident beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının zəruriliyini də diqqətə çatdırıb. O, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası üçün təsirli mexanizmlərin yaradılmasının vacibliyini bildirib. Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, müxtəlif ölkələrlə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməsini və beynəlxalq təşkilatlarla əməkdaşlığını ölkənin artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Çıxışda Azərbaycanın beynəlxalq dialoqun inkişafına verdiyi töhfələr və müxtəlif dövlətləri ortaq müzakirələr ətrafında birləşdirmək səyləri də ön plana çəkilib.
Forumun əsas məqsədi müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək, mövcud fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılmasına şərait yaratmaq və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Belə tədbirlər xalqlar arasında etimadın möhkəmlənməsinə, sülhün qorunmasına və qlobal problemlərin birgə həllinə töhfə verir. Cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın multikulturalizm ənənələrinə, müstəqil siyasətinə və beynəlxalq dialoqun inkişafına verdiyi əhəmiyyətə diqqət çəkib. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın müxtəlif xalqlar və sivilizasiyalar arasında körpü yaratmaq, qarşılıqlı hörməti və sülhü təşviq etmək istiqamətindəki fəaliyyətinin mühüm nümunəsidir.
Aysun Mahmudova,
YAP Yasamal rayon təşkilatının fəal gənci



