Analitika

Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xalqa olan bağlılığı dövlətimizin gələcək inkişafında ən böyük faktordur

Bu gün inamla, qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev dünyanın görkəmli dövlət xadimi və siyasi liderlərindən biridir. Son 20 ildə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, ölkəmizin dünya birliyinə inteqrasiyası, qüdrətli dövlətlər sırasında yer alması bunu deməyə əsas verir. Dövlətimizin başçısı haqlı olaraq yeni əsrin yeni Lideri adlandırılır. Hər şeydən əvvəl, xüsusilə qeyd edilməlidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini cəmi 44 gün ərzində darmadağın edərək diz çökdürdü. Beynəlxalq ekspertlər də çox doğru olaraq vurğulayırlar ki, Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində sanki möcüzə göstərərək, misli görünməmiş uğurlu hərbi əməliyyat keçirməyə nail oldu. Bu Qələbə Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həm də dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin ən yüksək zirvəsidir. Şanlı Zəfərdən sonra Azərbaycan qələbədən-qələbəyə doğru irəliləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu yana ümummilli lider Heydər Əliyevin apardığı çoxşaxəli daxili və xarici siyasət strategiyasını uğurlu şəkildə həyata keçirir. Dövlət başçısının reallaşdırdığı bir çox layihələr bu gün ölkəmizin inkişafında mühüm rol oynayır. Bunlara enerji sahələrini, neft və qaz sənayesini, daxili siyasət xəttində ölkədə həyata keçirilən islahatları misal çəkmək olar. Yaradılan hər yeni infrastruktur, aparılan hər islahat, qəbul edilən hər qanun, reallaşdırılan hər layihə, açılan hər təhsil və səhiyyə obyekti sadəcə ölkəmizin regionun aparıcı dövlətlərdən birinə çevrilməsinə xidmət edir.

Cənab Prezident İlham Əliyev xalqın həmrəyliyini, birliyini hər şeydən üstün tutmuşdur. Elə bu birliyə, xalqın sevgisinə və ona olan sədaqətinə arxalanaraq iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə sinə gərə bildi. Hazırda Azərbaycan xalqının və dövlətinin dünyanın gündəmində olmasının əsas təzahürüdür, bu yenilməz sevgi və bağlılıqdır. Xalq və dövlət başçısı arasında olan bu sarsılmaz birlik dünyanı heyrətə gətirmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasını regionda və beynəlxalq arenada mükəmməl şəkildə təmsil edir. Dövlət başçımızın yeritdiyi müdrik və uzaqgörən siyasəti, millətinə olan bağlılığı Azərbaycan Respublikasının gələcək inkişafında ən böyük faktordur.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button