
Müasir dövlət idarəçiliyində liderin verdiyi vədlərlə atdığı addımların uzlaşması cəmiyyətin inamını müəyyən edən əsas meyarlardandır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, onun söylədiyi fikirlər, irəli sürdüyü hədəflər və verdiyi vədlər real icraatla təsdiqlənir. Məhz bu baxımdan “Prezident İlham Əliyevin sözü və əməli birdir” tezisi son illərin ictimai-siyasi reallıqlarını dolğun şəkildə ifadə edir.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən dövlət maraqlarını hər şeydən üstün tutacağını bəyan etmiş, milli maraqlara söykənən müstəqil siyasət yürüdəcəyini açıq şəkildə ortaya qoymuşdur. Onun çıxışlarında səsləndirdiyi hər bir strateji xətt — istər iqtisadi inkişaf, istər sosial rifah, istərsə də xarici siyasət və təhlükəsizlik məsələləri — konkret proqramlar və layihələrlə həyata keçirilmişdir.
Prezidentin “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri dönməyəcək” fikri yalnız siyasi bəyanat kimi qalmamış, ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı, sözünün sahibi olan dövlətə çevrilməsi ilə təsdiqlənmişdir.
Bu tezisin ən bariz təzahürü Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Prezident İlham Əliyev uzun illər ərzində beynəlxalq tribunalardan çıxış edərək Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu məsələdə heç vaxt güzəştə gedilməyəcəyini qətiyyətlə bəyan etmişdir. Nəticə etibarilə, 2020-ci ildə aparılan Vətən müharibəsi ilə bu mövqenin praktik nəticəsi əldə olundu.
“Qarabağ Azərbaycandır!” ifadəsi sadəcə siyasi şüar deyil, real hərbi, diplomatik və siyasi qələbə ilə təsdiqlənmiş tarixi həqiqətə çevrildi. Bu, Prezidentin sözünün əməli ilə üst-üstə düşməsinin ən güclü nümunəsidir.
Prezident İlham Əliyevin fəaliyyətində sosial ədalət və vətəndaş rifahının yüksəldilməsi xüsusi yer tutur. Onun verdiyi sosial islahat vədləri — minimum əməkhaqqının, pensiyaların artırılması, şəhid ailələri və qazilərə dövlət qayğısının gücləndirilməsi, regionların kompleks inkişafı — ardıcıl şəkildə reallaşdırılmışdır.
Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, iqtisadi siyasətin əsas məqsədi vətəndaşın həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu prinsip hər il qəbul olunan dövlət proqramlarında, icra olunan sosial paketlərdə və regionlarda aparılan genişmiqyaslı quruculuq işlərində öz real əksini tapır.
Prezident İlham Əliyev azad edilmiş torpaqlara həyatın qayıdacağını, bu ərazilərin yenidən qurulacağını bildirmişdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz bərpa və yenidənqurma işləri həmin sözlərin əməli təsdiqidir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri, yolların, hava limanlarının, sosial obyektlərin tikintisi Cənab Prezidentimizin dediklərinin kağız üzərində qalmadığını göstərir.
Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə irəli sürdüyü mövqelər də əməli nəticələrlə müşayiət olunur. Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu, etibarlı tərəfdaş kimi tanınması, enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması dövlət başçısının sözünün çəkisini daha da artırır.
Azərbaycan bu gün verdiyi sözə əməl edən, imzaladığı razılaşmalara sadiq qalan dövlət kimi tanınır. Bu isə bilavasitə dövlət başçımızın şəxsi siyasi xəttinin nəticəsidir.
Prezident İlham Əliyevin fəaliyyəti sübut edir ki, onun üçün siyasi bəyanat məsuliyyətsiz vəd deyil, icrası zəruri olan öhdəlikdir. Dövlət başçısının sözü ilə əməli arasındakı tam uyğunluq Azərbaycan cəmiyyətində güclü etimad mühiti yaratmış, ölkənin daxili sabitliyini və beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



