
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyev çıxışında Azərbaycan-ABŞ əlaqələrinin strateji mahiyyətini xüsusi vurğulayaraq, Tramp-Vens administrasiyasının ölkəmizə göstərdiyi müsbət münasibətə görə minnətdarlığını ifadə etdi. Bu bəyanat həm regional, həm də qlobal miqyasda mühüm mesajlar ehtiva edir.İlham Əliyev Cey. Di. Vensi Azərbaycanda salamlamağın böyük şərəf olduğunu bildirərək qeyd etdi ki, iki ölkə arasında dialoq və əməkdaşlıq yüksək səviyyədə davam edir. Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması son altı ay ərzində aparılan intensiv danışıqların və qarşılıqlı siyasi iradənin nəticəsidir. Xüsusilə Prezident Donald Trampla Vaşinqtonda keçirilmiş tarixi görüş və işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu, İlham Əliyevin ardıcıl və uzaqgörən xarici siyasət kursunun məntiqi davamıdır.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq Azərbaycan üçün böyük şərəfdir. Bu fikir Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisidir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdərək həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş statusunu möhkəmləndirib.Bəyanatda xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Prezident İlham Əliyev ABŞ rəhbərliyinə Qafqazda sülhə verdikləri töhfəyə görə təşəkkür etdi və ötən ilin avqust ayında Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflandığını xatırlatdı. Onun sözlərinə görə, artıq altı aydır ki, regionda sülh şəraiti mövcuddur və tərəflər sülh içində yaşamağı öyrənirlər. Bu ifadə İlham Əliyevin regionda davamlı sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına sadiqliyini açıq şəkildə göstərir.Prezident İlham Əliyev həmçinin Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin əhəmiyyətini vurğuladı. Bu layihə təkcə Azərbaycanın iki hissəsini birləşdirməklə kifayətlənmir, eyni zamanda Azərbaycan və Ermənistan ərazisindən keçərək Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi rolunu oynayacaq. İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq Ermənistan istiqamətində yüklərin tranziti üçün bütün məhdudiyyətləri aradan qaldırıb və hətta neft məhsullarının təchizatına başlayıb. Bu addımlar ölkəmizin konstruktiv və sülhpərvər mövqeyinin real ifadəsidir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün və əməkdaşlığın təşviqində aparıcı rol oynayır. ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması isə ölkəmizin beynəlxalq siyasətdə artan çəkisinin bariz nümunəsidir. İlham Əliyevin mətbuata verdiyi bəyanat həm diplomatik uğurun, həm də strateji baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın gələcək inkişafı və regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi.



