GündəmAnalitikaSiyasət

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın yeni siyasi mərhələdə strateji hədəflərini aydın şəkildə ortaya qoyur

İlin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr ölkədə ictimai rəyin formalaşmasına və siyasi proseslərin dərin təhlilinə mühüm töhfə verir. Bu müsahibələr təkcə ötən ilin yekunlarına nəzər salmaqla kifayətlənmir, eyni zamanda qarşıdakı dövr üçün müəyyən edilən strateji xətti, prioritetləri və hədəfləri cəmiyyətə aydın şəkildə təqdim edir. Dövlətimizin başçısının 2025-ci ilin nəticələrinə həsr olunmuş müsahibəsi də məhz bu baxımdan aktual siyasi gündəmi əhatə edən əhəmiyyətli analitik mənbə kimi çıxış edir.
Prezident müsahibəsində ötən ilin regional proseslər kontekstində yeni mərhələnin başlanğıcı olduğunu xüsusi vurğulayır. Uzun illər davam edən Ermənistan–Azərbaycan münaqişəsi müxtəlif dövrlərdə fərqli geosiyasi şəraitdə inkişaf edib. Hərbi toqquşmalar, nisbi sabitlik mərhələləri, genişmiqyaslı müharibə və sonrakı təhlükəsizlik tədbirləri bu prosesin mərhələli inkişaf yolunu formalaşdırıb. Nəticə etibarilə, həmin ardıcıllığın başa çatması regionda yeni siyasi reallıqların yaranmasına və sabitlik gündəliyinin ön plana çıxmasına şərait yaradıb.
Ötən ilin avqustunda bu mərhələyə siyasi müstəvidə yekun vurulması döyüş meydanında əldə edilmiş Qələbənin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir. Bu hadisə Azərbaycanın müstəqillik tarixində ən əlamətdar siyasi hadisələrdən biri hesab olunur. Artıq ölkə sülh mərhələsinə daxil olub və bu yeni reallıq həm dövlət idarəçiliyində, həm də ictimai düşüncədə fərqli yanaşmalar tələb edir. Qısa zaman ərzində sülh mühitinin müsbət təsirləri özünü göstərməkdədir: siyasi sabitlik möhkəmlənir, iqtisadi aktivlik artır, təhlükəsizliklə bağlı inam güclənir və cəmiyyətdə müsbət əhvali-ruhiyyə formalaşır. Bu amillər qarşıdakı dövrdə qarşıya qoyulan vəzifələrin daha inamla icrasına zəmin yaradır.
Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri də hərbi potensialın gücləndirilməsidir. Qlobal və regional təhlükəsizlik mühitinin daim dəyişdiyi bir şəraitdə güc amili, o cümlədən müdafiə imkanlarının artırılması strateji prioritet olaraq qalır. Türkiyə ilə mövcud olan rəsmi müttəfiqlik münasibətləri və qarşılıqlı hərbi yardım mexanizmləri bu siyasətin əsas dayaqlarından biridir. Bununla yanaşı, türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi təşəbbüsü də irəli sürülür. Bu yanaşma müasir dövrdə təhlükəsizlik məsələlərinin bütün dövlətlər üçün prioritet olduğunu nəzərə alaraq formalaşdırılıb və hazırda diplomatik müzakirə mərhələsindədir.
Prezidentin müsahibəsində toxunulan mühüm mövzulardan biri də Çin Xalq Respublikası ilə münasibətlərdir. Azərbaycan Cənubi Qafqazda Çin üçün əsas və etibarlı tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda ticarət dövriyyəsi, nəqliyyat-logistika imkanları və regional tranzit axınları baxımından strateji əhəmiyyət daşıyır. Yüklərin qərb, şimal, cənub və Yaxın Şərq istiqamətləri üzrə daşınması ölkəmizi mühüm tranzit mərkəzinə çevirir. Bu kontekstdə infrastrukturun genişləndirilməsi və region ölkələrində layihələrə sərmayə yatırılması yükdaşımaların həcminin artmasına xidmət edir. Dənizə birbaşa çıxışı olmayan dövlət üçün nəqliyyat mərkəzi statusunun möhkəmlənməsi təbii və strateji inkişaf yolu kimi qiymətləndirilir.
Çinlə əməkdaşlıq çərçivəsində diqqət çəkən yeni istiqamətlərdən biri də hərbi-texniki sahəni əhatə edir. Bu istiqamətdə əldə olunan siyasi razılaşmalar artıq praktiki mərhələyə keçidin başlandığını göstərir. Hərbi paradda nümayiş etdirilən texnika və elementlər bu əməkdaşlığın ilkin mərhələsinin göstəricisidir. Əsas məqsəd yalnız hərbi texnikanın alınması deyil, həm də müştərək istehsal müəssisələrinin yaradılmasıdır. Bu layihələr uzunmüddətli və strateji xarakter daşıyır və böyük potensiala malikdir. Yaxın gələcəkdə bu sahədə yeni müqavilələrin və konkret layihələrin icrası gözlənilir.
Dövlətimizin başçısı müsahibəsində maliyyə dayanıqlığı məsələsinə də xüsusi yer ayırır. Valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi ölkənin iqtisadi sabitliyinin əsas göstəricilərindən biri kimi təqdim olunur. Vaşinqtonda paraflanmış sülh sazişi xüsusilə xarici investisiyalar, o cümlədən ABŞ-dan gələn sərmayələr üçün yeni imkanlar açır. Bununla yanaşı, qarşılıqlı investisiya siyasətində də yeni mərhələnin əsası qoyulur. İndiyədək əsasən qiymətli kağızlara yönəlmiş investisiyaların bundan sonra real iqtisadiyyatın müxtəlif sahələrinə istiqamətləndirilməsi nəzərdə tutulur. Elektrik enerjisi ehtiyatlarının mövcudluğu bu layihələrin reallaşması üçün mühüm üstünlük yaradır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərin hazırlanması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi prioritetlər sırasındadır. Azərbaycan mütəxəssislərinin xaricdə təlimlərə cəlb edilməsi və ölkə daxilində tədris proqramlarının təşkili bu strategiyanın tərkib hissəsidir. Məqsəd yalnız təhlükəsizlik deyil, eyni zamanda süni intellekt və informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilməkdir. Prezidentin qeyd etdiyi kimi, bu istiqamətdə potensial və güclü siyasi iradə mövcuddur və ABŞ şirkətləri əsas tərəfdaşlar kimi qiymətləndirilir.
ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması beynəlxalq aləmdə ciddi siyasi mesaj kimi qəbul edilir. Bu addımdan sonra bir sıra Avropa ölkələrinin də oxşar əməkdaşlıq təşəbbüsləri ilə çıxış etməsi Azərbaycanın yürüdüyü siyasətin təsir dairəsini açıq şəkildə nümayiş etdirir. Hazırda onlarla ölkə ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin nəticəsidir. Vaşinqtondan verilən mesajlar isə bu siyasətin beynəlxalq güc mərkəzləri tərəfindən müsbət dəyərləndirildiyini təsdiqləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin yeni mərhələdə siyasi, iqtisadi və təhlükəsizlik konturlarını müəyyən edən konseptual çıxış kimi qiymətləndirilə bilər. Formalaşan sülh mühiti, gücləndirilən milli potensial, genişlənən beynəlxalq tərəfdaşlıqlar və texnoloji hədəflər göstərir ki, qarşıdakı dövr uzunmüddətli və düşünülmüş strateji planlar üzərində qurulub.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button