Prezident İlham Əliyevin müasir siyasi lider obrazı onu ona dünya miqyasında hörmət qazandırıb
Siyasi lideri milli liderə çevirən xalqın ona olan sevgisi və dəstəyidir. Xalq kimin ətrafında birləşibsə, legitim lider odur. O lider dayanmadan xalqı üçün bütün istiqamətlərdə çalışır, hər zaman milli mübarizələrin ön sıralarında sərkərdə olur. Tariximizdə bu xüsusiyyətləri daşıyan böyük liderlər hər zaman olub, lakin müasir tariximizin ən böyük rəhbəri şübhəsiz ki, Ümumilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevdir. İlham Əliyevin siyasi portretini təsvir edərkən birinci növbədə onun şəxsiyyətinə xas olan mübarizliyi və möhkəm iradəyə sahib olduğunu vurğulamaq gərəkdir. O dövlət başçısı kimi birinci dəfə xalqın etimadını qazandığı gündən bu günə qədər dövlətimizin və xalqımızın maraqlarını hər yerdə hər şeydən üstün tutmuş, bu maraqları qətiyyətlə müdafiə etmişdir. Məhz buna görə 2003-cü ildən sonrakı inkişaf tariximizi onun adı ilə bağlaya bilərik. Bu illər ərzində çox qısa bir zaman kəsiyində yeni müstəqillik qazanmış Azərbaycan siyasi, iqtisadi, mədəni, hərbi və s. sahələrdə böyük uğurlara imza ataraq inkişafın yeni modelini yaratmışdır. Hansı ki, bu, çoxvektorlu inkişafın müasir modeli sayılır və dünya təcrübəsində öyrənilir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel Prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz.
Bu siyasətin gücü və effektivliyi özünü daha böyük ölçüdə Vətən Müharibəsi zamanı və post-müharibə dövründə göstərdi. Bu müharibədə əsgərlərimizin döyüş meydanında mübarizə apardığı vaxt İlham Əliyev də diplomatiya meydanında ard-arda düşməni məğlub edirdi. Onun beynəlxalq təşkilatlar qarşısında qoyduğu qəti tələblər, xarici mediyaya verdiyi müsahibələrlə haqlı mövqeyimizi dünya çatdırması qələbəmizi daha da sürətləndirdi. O həm də Ali Baş Komandan kimi hərbi uğurlarımızın da əsas memarı oldu.
Post-müharibə dövründə Cənab prezidentin fəaliyyəti daha da geniş miqyas aldı. O azad olunmuş rayonlarda bərpa-quruculuq işlərinə şəxsən nəzarət etməklə xalqının rifahı üçün hər şey etdiyini sübut etdi.
Bu isə ona qarşı böyük lider kimi xalqın sevgisini daha da artırdı.
Prezident İlham Əliyev bundan sonra həm də dünya liderlərinin qiptə etdiyi rəhbərə çevrildi. Hətta bir sıra Avropa liderləri bunu açıq şəkildə ifadə etdi və onun dünyada məşhurluğunu qeyd etdilər.
Bütün bunları görən Azərbaycan xalqı öz rəhbərinin ətrafında daha da möhkəm birləşir və onun hər addımını dəstəkləyir. Bu dəstək isə dövlətimizin varlığını şərtləndirir. Bu dəstək- xalq və iqtidar arasındakı birlik bundan sonra da heç vaxt sarsılmayacaq və tarixə düşəcək bir nümunə kimi yaşayacaq.
Əli Babazadə,
YAP-ın gənc fəalı