AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri milli iradənin, qalibiyyətin və yenidənqurmanın rəmzi oldu

Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri işğaldan azad edilmiş bölgənin yenidən qurulması və inkişafına verilən yüksək siyasi qiymətin təzahürü oldu. Dövlət başçısının çıxışına “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə başlaması, insanların 32 ildən sonra doğma yurda qayıdışını tarixi ədalətin bərpası kimi qiymətləndirməsi böyük mənəvi-siyasi əhəmiyyət kəsb etdi. Kəlbəcərin azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın diplomatik, siyasi və strateji uğurlarının təcəssümüdür.

Bu səfər Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini nümayiş etdirir. İlk mərhələdə Kəlbəcərdə inşa edilən dörd yaşayış kompleksi 10 mindən çox insana ev sahibliyi edəcək. Şəhərə işıq, qaz və su xətləri çəkilib, yollar salınıb, mina təmizləmə işləri aparılıb. Yeni məktəblər və modul tipli təhsil müəssisələri istifadəyə verilib, uşaqların təhsili üçün şərait yaradılıb. Bu faktlar göstərir ki, Azərbaycan dövlətinin quruculuq fəaliyyəti bölgədə sürətlə irəliləyir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Kəlbəcər dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Bu səfər həm də dövlətin güclü liderliyini, milli həmrəyliyi və xalqın azadlıq əzmini nümayiş etdirir. Kəlbəcərin bərpası və inkişafı Azərbaycanın gələcək nəsillərinə həm tarixi, həm də mənəvi irs olaraq qalacaq, bölgənin sosial-iqtisadi həyatını canlandıracaq.

Yeni Azərbaycan Partiyasının fəalı
Ülviyyə Abdullayeva

Oxşar Xəbərlər

Back to top button