AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Gürcüstan səfəri: strateji tərəfdaşlığa yeni təkan verir

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın dərinliyini və gələcək perspektivlərini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı həm tarixi bağlılıqlara, həm də müasir dövrdə əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirməsi ilə seçildi.Prezident İlham Əliyev çıxışında Gürcüstana səfərindən məmnunluğunu ifadə edərək, bu səfərin Azərbaycan ilə Gürcüstan arasında əlaqələrə yeni təkan verəcəyinə əminliyini bildirdi. O vurğuladı ki, hər iki ölkə tarixən dostluq və qardaşlıq şəraitində yaşamış, bu münasibətlər əsrlər boyu formalaşaraq bu günə qədər davam etmişdir. İlham Əliyevin fikrincə, məhz bu tarixi bağlar müasir dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir və iki xalq arasında qarşılıqlı etimadı gücləndirir. Prezident İlham Əliyev Gürcüstanın son illərdə əldə etdiyi iqtisadi uğurlara da toxundu. O qeyd etdi ki, ölkədə mövcud olan sabitlik və əlverişli sərmayə mühiti Gürcüstanı regionda cəlbedici iqtisadi tərəfdaşlardan birinə çevirib. İlham Əliyev xüsusi olaraq vurğuladı ki, siyasi sabitlik istənilən iqtisadi inkişafın əsas şərtidir və Gürcüstanda bu amilin təmin olunması ölkənin uğurlarının başlıca səbəblərindən biridir. Prezident İlham Əliyevin bu fikirləri iki ölkə arasında qarşılıqlı hörmət və dəstəyin göstəricisi kimi qiymətləndirilə bilər.Eyni zamanda, Prezident İlham Əliyev beynəlxalq müstəvidə Azərbaycan və Gürcüstanın bir-birinə verdiyi dəstəyin əhəmiyyətini qeyd etdi. O bildirdi ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Bu yanaşma regionda sabitliyin qorunması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm rol oynayır. İlham Əliyevin bu mövqeyi Azərbaycanın xarici siyasətində prinsipial xəttin davam etdirildiyini göstərir. İqtisadi əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev konkret rəqəmlərlə çıxış edərək münasibətlərin real nəticələrini diqqətə çatdırdı. O qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dolları keçib və artım dinamikası davam edir. İlham Əliyevin proqnozuna görə, yaxın gələcəkdə bu göstərici bir milyard dollara çata bilər. Bundan əlavə, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına qoyulan 3,7 milyard dollarlıq sərmayə iki ölkə arasında iqtisadi inteqrasiyanın yüksək səviyyədə olduğunu sübut edir.Prezident İlham Əliyev həmçinin gələcək perspektivlərə də toxunaraq bildirdi ki, Azərbaycan və Gürcüstan yalnız ikitərəfli layihələrlə kifayətlənməyəcək, eyni zamanda üçüncü ölkələrdə birgə investisiya imkanlarını da nəzərdən keçirə bilər. Bu isə əməkdaşlığın daha geniş coğrafiyaya yayılması və regional iqtisadi təsirin güclənməsi deməkdir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri və səsləndirdiyi bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. İlham Əliyevin liderliyi ilə Azərbaycan bu münasibətləri daha da möhkəmləndirməyə və yeni əməkdaşlıq istiqamətləri müəyyən etməyə davam edir. Bu isə regionda sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm zəmin yaradır.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi.

Oxşar Xəbərlər

Back to top button