
Azərbaycan və Türkiyə xalqlarının eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Dövlətlərimiz arasında hərbi əməkdaşlıq Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı dövrə təsadüf edir. Belə ki, Batumda Osmanlı dövləti ilə bağlanan ikitərəfli dostluq gənc Cümhuriyyətin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək oldu. Həmin vaxt Bakı Xalq Komissarları Sovetinin əksəriyyəti daşnak-bolşevik, erməni-rus qüvvələrindən ibarət qoşunları artıq Gəncəyə doğru yürüşə başlamışdılar. Həmin müqavilə türk əsgərinin Azərbaycana yolunu açdı. Qısa müddətdə Nuru paşanın komandanlığı ilə qardaş köməyinə göndərilən Qafqaz İslam Ordusu Bakını və Azərbaycanın digər ərazilərini düşmən qüvvələrdən təmizləyərək Şərdə ilk müstəqil, demokratik dövlətin qurulmasına mühüm zəmin yaratdı. Nəticədə, Azərbaycan Ordusu ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxta köçdü və bununla da dövlət müstəqilliyinin özülü möhkəmləndirildi. Lakin bu qələbə minlərlə şəhidin qanı bahasına başa gəldi. Dövlətimiz müstəqillik qazandıqdan sonra qardaş dövlətlə “Hərbi təlim-təhsil haqqında Müqavilə”nin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoydu.
Bundan başqa, 1994-cü il tarixində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, 2010-cu il tarixində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalanmışdır. Həmçinin, müasir dövrdə Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi əsaslarla həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə də imzalanmışdır.
44 günlük müharibənin gedişində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dövlətlərdən gələn jurnalistlər iddia edirdilər ki, Türkiyənin hərbi hava qüvvələrinin qırıcıları Azərbaycan tərəfdən Ermənistan ordusuna qarşı hücumlarda iştirak edir. Lakin sübut olundu ki, qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdəiştirak etmək üçün gəlmişdi. Onu da qeyd etmək lazımdır ki, Türkiyə qırıcı təyyarələrinin 44 günlük müharibənin sonunadək H.Z.Tağıyev qəsəbəsi Hərbi Hava Limanında start vəziyyətində dayanması Ermənistanın Azərbaycan ərazisini bombalamaq niyyətinin qarşısını aldı.
Vətən müharibəsindən sonra Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını təmin etmək məqsədilə “Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş dövlət arasında münasibətlərin yeni parlaq səhifəsi açıldı. Nəticə olaraq belə qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə qarşılıqlı hərbi əməkdaşlığının yüksək səviyyədə inkişafı hər iki ölkə üçün son dərəcə mühüm əhəmiyyəti ilə şərtlənir. Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi iki ölkənin və regionun rifahı baxımından böyük əhəmiyyət kəsb edir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi