Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki
2023-cü il dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş,2023-cü ildə ölkəmizdə baş vermiş hadisələr ,əldə olunmuş nailiyyətlər haqqında məlumat vermişdir.
Prezident 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etdiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasının təmin edildiyini qeyd etmişdir. O həmçinin 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı problemin tam həll olunmadığını ,Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırlayıb həyata keçirdiyini bildirdi.
Bütün bunlara baxmayaraq Azərbaycanda separatizmin kökü kəsildi . Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir.Bütün təzyiqlərə ,ittihamlara baxmayaraq separatçı rejim çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır.Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı.
Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndinə , Müstəqillik Gününü qeyd edərkən Laçına köçkünlər qayıtmışlar. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.2024-cü il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Prezident erməni cinayətlərinə də toxundu.; 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.Ancaq bunlar bizi ruhdan salmadı.
Biz iqtisadi sahədə öz siyasətimizi uğurla aparmış, ordumuzu böyük dərəcədə gücləndirmişik. 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dünya ictimaiyyəti bizə böyük hörmət və rəğbət göstərir.
İlham Əliyev Yaşıl enerji layihəsinə,Ulu Öndərin 100 illiyinin ölkə üzrə qeyd edilməsinə də münasibətini bildirmişdir.
Prezident vurğuladı ki,artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.Hal-hazırda bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur.
Ümummilli Lider Heydər Əliyev 24 dekabr 1998-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində dünya azərbaycanlılarının bu bayramı ruh yüksəkliyi ilə qeyd etdiklərini,yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzdiklərini və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr etdiklərini qeyd etmişdi.
Prezident İlham Əliyev 1 yanvar 2022-ci il tarixli çıxışında isə Həmrəylik gününün tarixinə nəzər salaraq bu günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvolu adlandırmışdır.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Ulu Öndər Heydər Əliyevin: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı ,2006-cı il 16 martda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın dəstəyini yüksək qiymətləndirmişdir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
İnanırıq ki, dövlətimiz Prezidentimizin rəhbərliyi ilə növbəti illərdə də yeni-yeni nailiyyətlərə imza ataraq daha da inkişaf edəcək.
Əhədova Rəna,
Xəzər rayonu, 256 №li məktəbin müəllimi