Prezident İlham Əliyev Zirvə toplantısında qazanılan nailiyyətləri bir daha diqqətə çatdırdı
Məhz 2020-ci Vətən müharibəsi zamanı Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Qeyd edək ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın lider dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir.
Bildirək ki, noyabr ayının 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Həmin Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçılarıda iştirak etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Görüşdə Prezident İlham Əliyev çıxış edərək bir çox vacib məqamlara toxundu, ölkəmizlə bağlı həqiqətləri, qazanılan nailiyyətləri diqqətə çatdırdı, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıq olduğunu bildirdi. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyərək, hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazır olduğunu da nəzərə çatdırdı.
Zirvə toplantısında dövlət başçımız İlham Əliyev Azərbaycanla, xüsusilə Qarabağla bağlı həqiqətləri bir daha hər kəsə bəyan etdi. Azərbaycan Prezidenti Ermənistanın ölkəmizin ərazisinin 20 faizə qədərini təqribən 30 il ərzində işğal altında saxladığını, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu, qaçqın və məcburi köçkünə çevrildiyini bildirdi.
Ölkə rəhbərimiz xüsusi ilə nəzərə çatdırdı ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Ərazi bütövlüyümüz və suverenliyimiz güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edildi. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.