Prezident İlham Əliyev: Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

“Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”. Bu fikirləri noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyev səsləndirib.
Dövlət başçısı çıxışında daha sonra qeyd edib ki, son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.
“Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı” – deyə, Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı onu da qeyd edib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı