AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda mühüm mesajlar verdi

Martın 12-də Gülüstan Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başlayıb. Forum dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri və ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi mühüm əhəmiyyət daşıyır.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev iştirakçıları salamlayaraq belə mötəbər tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, bu qurum illər ərzində beynəlxalq nüfuz qazanaraq qlobal problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib. Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti hər il genişlənir, beynəlxalq əməkdaşlığın inkişafına və yeni yanaşmaların formalaşdırılmasına mühüm töhfə verir.

Prezident vurğulayıb ki, Qlobal Bakı Forumu artıq dünyanın aparıcı beynəlxalq forumları ilə eyni səviyyədə qiymətləndirilə bilər. Forumda müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, parlament sədrləri, diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək qlobal problemlər ətrafında fikir mübadiləsi aparırlar. Bu müzakirələrin əsas məqsədi dünya xalqlarının həyatını daha təhlükəsiz və sabit etmək üçün yeni ideyalar irəli sürməkdir.

Çıxışında Prezident İlham Əliyev müasir dövrdə təhlükəsizlik və sabitliyin hər bir ölkənin əsas prioritetinə çevrildiyini xüsusi vurğulayıb. O qeyd edib ki, təhlükəsizlik və sabitlik olmadan digər sahələrdə inkişafdan danışmaq mümkün deyil. Dünyada yeni gərginlik ocaqlarının yaranması və uzunmüddətli münaqişələrin davam etməsi beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhdid yaradır.

Dövlət başçısı Azərbaycanın regional təhlükəsizlik məsələlərinə daim xüsusi diqqət yetirdiyini bildirib. O xatırladıb ki, uzun illər ərzində Azərbaycanın ərazilərinin işğal altında qalması ölkənin əsas problemi olub. Təxminən 30 il ərzində ərazinin 20 faizi işğal altında qalıb və milyonlarla insan məcburi köçkün vəziyyətinə düşüb. Prezident vurğulayıb ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanaraq bərpa edib. Bu prosesin mühüm mərhələsi isə İkinci Qarabağ müharibəsi olub.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan əvvəlcə hərbi yolla ərazilərini azad edib, daha sonra isə siyasi vasitələrlə sülhə nail olub. Bu isə müasir tarixdə nadir təcrübə hesab olunur. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan sülh qısa müddətdə reallaşıb və bu, güclü siyasi iradə sayəsində mümkün olub. Hazırda iki ölkə arasında sərhəddə sabitlik hökm sürür və real sülh mühiti formalaşıb.

Çıxışında dövlət başçısı Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlardan da danışıb. Bildirib ki, Azərbaycan Ermənistanla ticarət əlaqələrinin bərpasına başlayıb, hətta bu ölkəyə neft məhsullarının ixracını həyata keçirir. Bu addımlar Azərbaycanın regionda uzunmüddətli və davamlı sülhün tərəfdarı olduğunu göstərir.

Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələsinə də xüsusi toxunub. Onun sözlərinə görə, müasir dövrdə enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi istehsal edərək bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 16-ya çatıb və bütün bu ölkələr qazı boru kəmərləri vasitəsilə alırlar.

Dövlət başçısı nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrə də diqqət çəkib. O bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçılarından biridir. Bu layihələr qlobal ticarət əlaqələrinin genişlənməsinə və region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Ermənistanla sülh əldə olunduqdan sonra isə regionda yeni nəqliyyat marşrutlarının yaradılması üçün əlavə imkanlar yaranıb.

Prezident çıxışının sonunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq tədbirlərin təşkilindəki rolunu yüksək qiymətləndirib və Mərkəzin COP29 çərçivəsində həyata keçirdiyi fəaliyyətə görə təşəkkürünü bildirib. O, həmçinin bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda Mərkəzin fəal iştirak edəcəyinə ümid etdiyini ifadə edib. Beləliklə, XIII Qlobal Bakı Forumu dünya miqyasında aktual problemlərin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi qlobal əməkdaşlığın gücləndirilməsinə, sülhün və sabitliyin təşviqinə əhəmiyyətli töhfə verir. Forum çərçivəsində aparılan müzakirələr beynəlxalq münasibətlərdə dialoqun inkişafına və yeni həll yollarının tapılmasına xidmət edir.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button