AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə barədə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın mövcud geosiyasi şəraitdə tutduğu mövqeni, regional proseslərə baxışını və daxili sabitlik amilinə verdiyi xüsusi əhəmiyyəti özündə ehtiva edir. Xüsusilə dövlət başçısının vurğuladığı “ölkə daxilində potensial risklər mövcud deyil” fikri Azərbaycanın bugünkü reallıqlarını xarakterizə edən əsas strateji yanaşmalardan biri kimi diqqət çəkir.

Prezident İlham Əliyevin sözlərinə görə, beynəlxalq münasibətlər sistemi artıq klassik beynəlxalq hüquq normaları ilə deyil, daha çox güc balansı və milli maraqlar prizmasından formalaşır. Belə bir şəraitdə Azərbaycan öz siyasətini idealist gözləntilər üzərində deyil, real potensialına, milli maraqlarına və beynəlxalq hüquqa uyğun prinsiplər üzərində qurub. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, istər suverenliyin və ərazi bütövlüyünün bərpası, istərsə də siyasi və iqtisadi inkişaf xətti beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Bu isə Azərbaycanın regional və qlobal müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib.

Müsahibənin ən mühüm məqamlarından biri Cənubi Qafqazda yeni reallıqlar və sülh mərhələsinə keçidlə bağlı fikirlərdir. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq real sülh şəraitini yaşayır. Ermənistanla münasibətlərin qarşıdurmadan əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və enerji sahəsində atılan praktiki addımlar regionda etimad mühitinin formalaşdığını göstərir. Bu kontekstdə sülhün təkcə siyasi deyil, həm də sosial-iqtisadi dividendlər gətirdiyi qeyd olunur.

Dövlət başçısının İran ətrafında baş verən proseslərlə bağlı mövqeyi isə bir daha Azərbaycanın təhlükəsizlik konsepsiyasının mahiyyətini ortaya qoyur. Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, Azərbaycanda ölkədaxili potensial risklər mövcud deyil və bütün risklər yalnız kənar mənbələrdən qaynaqlana bilər. Bu tezis təsadüfi səsləndirilmir və bir neçə fundamental amilə əsaslanır.

Birincisi, ölkə daxilində möhkəm siyasi sabitlik mövcuddur. Dövlət institutları tam formalaşıb, idarəetmə sistemi effektiv şəkildə işləyir və xalqla hakimiyyət arasında qarşılıqlı etimad və həmrəylik mövcuddur. Xüsusilə Vətən müharibəsindən sonra milli birlik və həmrəylik daha da güclənib, dövlətçilik ideyası cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənir.

İkincisi, iqtisadi sabitlik və enerji təhlükəsizliyi daxili risklərin qarşısını alan əsas sütunlardan biridir. Azərbaycan həm enerji istehsalçısı, həm də ixracatçısı kimi qlobal bazarlarda etibarlı mövqeyə malikdir. Neft və qaz gəlirlərinin rasional idarə olunması, qeyri-neft sektorunun inkişafı, strateji valyuta ehtiyatlarının mövcudluğu ölkəni daxili sarsıntılardan qoruyan mühüm amillərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft qiymətlərinin sabit qalması həm istehsalçılar, həm də istehlakçılar üçün proqnozlaşdırıla bilən mühit yaradır.

Üçüncüsü, təhlükəsizlik və müdafiə sahəsində əldə edilən üstünlüklər daxili sabitliyi möhkəmləndirir. Azərbaycan artıq öz təhlükəsizliyini təmin edə bilən, xarici təzyiqlər qarşısında mövqeyini qətiyyətlə qoruyan dövlətdir. Bu reallıq ölkə daxilində hər hansı destabilizasiya cəhdlərinin perspektivsiz olduğunu göstərir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan üçün əsas narahatlıq mənbəyi region ətrafında baş verən proseslərdir. Məhz buna görə Bakı hər zaman qonşuluqda sabitliyin tərəfdarı kimi çıxış edir, qarşıdurmaların deyil, dialoq və əməkdaşlığın təşviqinə üstünlük verir. Bu yanaşma həm Cənubi Qafqazda, həm də daha geniş Avrasiya məkanında Azərbaycanın məsuliyyətli aktor kimi rolunu gücləndirir.

Enerji məsələlərinə toxunan dövlət başçısı Azərbaycanın Avropa İttifaqı üçün artan əhəmiyyətini xüsusi qeyd edir. Bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən 10 Aİ üzvünə qaz ixrac edir və boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu fakt təkcə iqtisadi deyil, eyni zamanda siyasi çəkini də artırır və ölkənin beynəlxalq sistemdə mövqelərini möhkəmləndirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi “ölkə daxilində potensial risklər mövcud deyil” fikri Azərbaycanın bugünkü reallıqlarının qısa, lakin son dərəcə dəqiq ifadəsidir. Güclü dövlətçilik, milli birlik, iqtisadi dayanıqlılıq və regional sülh strategiyası Azərbaycanın daxili sabitliyini təmin edir. Bu sabitlik isə ölkəyə dəyişən dünya nizamında öz maraqlarını qorumaq və yeni imkanlardan maksimum yararlanmaq imkanı verir.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button