Analitika

Prezident “Euronews”a müsahibəsində dünyaya ciddi mesajlar verib

Prezident İlham Əliyevin “Euronews” televiziyasına son müsahibəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bir çox məsələlərlə bağlı ölkəmizin rəsmi mövqeyinin təqdimatı baxımından olduqca əhəmiyyətli olub. Cənab Prezident “Euronews” televiziyasına noyabrın 23-də müsahibə verib və bu müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb.

Dövlət başçısı müsahibəsində Azərbaycan həqiqətləri haqqında danışmaqla yanaşı eyni zamanda dünya birliyinə ciddi mesajlar verib. Müsahibə zamanı regional məsələlər, Ermənistanla münasibətlər, Azərbaycanın iqtisadi imkanları, təhlükəsizlik və digər mühüm məsələlər diqqət yetirilən əsas mövzular olub. Ölkə başçısı sualları cavablayarkən müxtəlif məsələlər üzrə vacib məqamlara toxundu, qonşularla olan münasibətlərə xüsusi diqqət yönəldildi. Müsahibədə Azərbaycanda yaşanan iqtisadi inkişafın əsasları, qarşıdakı illər üçün müəyyən edilən hədəflər, bölgədə əməkdaşlıq imkanları və başq önəmli məsələlər barədə ətraflı açıqlamalar verilib.

Cənab Prezident müsahibəsində qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafının təməlində aparılan islahatlar dayanır. Prezident vurğulayıb ki, son illərdə iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olunub, bu məqsədlə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən ölkə iqtisadiyyatında artım sürətinin nisbətən zəif olduğunu deyən dövlət başçısı buna baxmayaraq son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalının dörd dəfə artdığını və bunun çox əhəmiyyətli nailiyyət olduğunu bildirib.

Azərbaycan düşünülmüş sosial siyasətini davam etdirir. Ölkə rəhbəri bu siyasət nəticəsində son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayının təqribən 50 faizdən 5,5 faizə qədər endiyini ifadə edib. Prezident bu müsbət dəyişikliyin enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilən sərvətin əhalinin bütün seqmentləri arasında ədalətli bölündüyünü nümayişi olduğunu vurğulayıb. Ölkəmizin əldə etdiyi əsas nailiyyətlər arasında xarici borcun səviyyəsinin azaldılması da var. Hazırda dünyanın bir çox ölkəsi, o cümlədən inkişaf etmiş ölkələrin əksəriyyəti xarici borc yükününü ağırlığından əziyyət çəkir. İlham Əliyev müsahibəsində bu faktı xüsusilə vurğulayıb ki, Azərbaycanın xarici dövlət borcu nəinki artmır, əksinə hər il azalır. Belə ki, hazırda xarici borcun ÜDM-yə olan nisbəti 10 faizindən də aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Prezident əlavə edib ki, bu dinamika Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

Azərbaycanın dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu xərclərinin çox hissəsi işğaldan azad edilən Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. İlham Əliyev bildirib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük dövlət vəsaitinin ayrılması keçmiş məcburi köçkünlərin mümkün qədər tez dədə-baba yurdlarına qayıtmasına imkan verəcək. Dövlət başçısı işğaldan azad edilən ərazilərdə 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsinin planlaşdırıldığını, bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılacağını söyləyib.

Ölkəmizin enerji sektorunda əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Prezident İlham Əliyev gələcəkdə birbaşa xarici investisiyaların əsas istiqamətinin bu sahələr olacağını deyib. Dövlət başçısı xatırladıb ki, oktyabrda regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır. İlhan Əliyev söyləyib ki, enerji sahəsinin inkişafı zamanı Azərbaycan neft hasilatından təbii qaz istehsalına keçid edib: “Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə də müsbət cavab verilib”.

Dövlət başçımız Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyini və ölkəmizin bu əməkdaşlığın real nəticələrini gördüyünü də bildirib: “Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra”.

Prezident İlham Əliyev son illərdə regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirə bildiklərini vurğulayıb. Dövlət başçımız Azərbaycanın Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyini də xüsusilə qeyd edib: “Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb.  Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.

Son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.  Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir”.

“Euronews” televiziyasına müsahibə zamanı Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlət başçısı xatırladıb ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.

Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.  Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar” deyə bildirən cənab Prezident bundan sonra da eyni formada yaşaya biləcəyimizi çıxışında vurğulamışdır.

Qasımova Rüxsarə,
Xəzər rayonu,
149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  

Oxşar Xəbərlər

Back to top button