AnalitikaGündəmSiyasət

Peşəkar idarəetmə nümunəsi

XX əsrin sonlarında Azərbaycan xalqı çox mürəkkəb, təhlükəli və eyni zamanda həlledici bir dövr yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə həm daxili, həm də xarici təhdidlərin hədəfinə çevrilmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazilərinin böyük bir hissəsi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdi. Digər tərəfdən, ölkə daxilində siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və separatizm meylləri dövlətin varlığını ciddi şəkildə təhdid edirdi. Belə bir ağır məqamda Azərbaycan xalqı güclü liderə, dövlətçilik təcrübəsinə və peşəkar idarəetmə bacarığına malik bir şəxsiyyətə ehtiyac duyurdu. Bu şəxsiyyət isə ümummilli lider Heydər Əliyev idi.
Azərbaycan xalqı 1993-cü ilin iyununda Heydər Əliyevi Bakıya dəvət etməklə özünün xilaskar liderinə üz tutdu. O dövrdə hakimiyyət orqanlarında zəiflik, orduda nizamsızlıq, bölgələrdə separatçı meyllərin güclənməsi ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Heydər Əliyevin Bakıya qayıdışı ilə xalqın ümidləri yenidən dirçəldi.
Nəhayət, 3 oktyabr 1993-cü ildə keçirilən ümumxalq seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçki, əslində, xalqın öz dövlətini qorumaq, gələcəyini təmin etmək üçün verdiyi mühüm qərar idi. Xalq öz iradəsini ifadə edərək güclü liderin ətrafında birləşdi və Azərbaycanın yeni inkişaf mərhələsinə start verdi.
Ulu Öndər Heydər Əliyevin idarəetmə üslubu, onun siyasi və dövlətçilik təcrübəsinə əsaslanan çoxşaxəli prinsiplərdən ibarət idi.
Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə daxili sabitliyin bərpasını qarşıya məqsəd qoydu. Çünki sabitlik olmadan nə iqtisadi inkişaf, nə də sosial rifahdan danışmaq mümkün idi. 1993-cü ildən başlayaraq Azərbaycan daxilində baş qaldıran silahlı qiyamlar, separatçı meyllər onun qətiyyətli addımları sayəsində yatırıldı. Dövlət institutları bərpa olundu, idarəetmədə mərkəzləşmə təmin edildi.
Ulu Öndər yaxşı bilirdi ki, müstəqil Azərbaycanın gələcəyi yalnız qanunun aliliyinə əsaslanan bir dövlət quruculuğu ilə təmin edilə bilər. Onun təşəbbüsü ilə 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu sənəd dövlətin idarə olunmasının hüquqi əsaslarını müəyyən etdi və vətəndaşların hüquq və azadlıqlarını təmin etdi.
Ümummilli Lider Heydər Əliyevin idarəetmə siyasətində iqtisadiyyatın dirçəldilməsi mühüm yer tuturdu. O, Azərbaycanın zəngin enerji resurslarını dünya bazarına çıxarmaqla ölkəni gücləndirmək strategiyasını həyata keçirdi. 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici rol oynadı. Bu müqavilə ölkəyə milyardlarla xarici sərmayə gətirdi, Azərbaycanı regionun enerji mərkəzinə çevirdi.
Ümummilli Lider Heydər Əliyev xarici siyasətdə də peşəkarlıq nümayiş etdirirdi. O, Azərbaycanı beynəlxalq təcriddən çıxardı, dünyanın aparıcı dövlətləri ilə münasibətləri inkişaf etdirdi. Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu, regionda etibarlı tərəfdaş kimi tanındı. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti ölkənin milli maraqlarının qorunmasına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət etdi.
Ümummilli Lider yaxşı anlayırdı ki, parçalanmış, milli birliyini itirmiş xalq güclü dövlət qura bilməz. Bu səbəbdən o, daim xalqı birliyə, həmrəyliyə səsləyirdi. Onun yaratdığı milli ideologiya – azərbaycançılıq məfkurəsi müstəqillik dövründə milli birliyin əsas ideya dayağına çevrildi.
Heydər Əliyevin idarəçilik təcrübəsi yalnız praktiki tədbirlərdən ibarət deyildi. O, həm də gələcək nəsillərə nümunə olacaq dövlətçilik məktəbi yaratdı.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənlik, milli maraqlara sadiqlik, xalqla bağlılıq, qətiyyət və prinsipiallıq prinsiplərinə əsaslanan idarəçilik modeli Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında mühüm rol oynadı.
Heydər Əliyevin peşəkar idarəetmə təcrübəsi Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, iqtisadiyyatın dirçəlməsinə və beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı.
Bu gün Azərbaycan müasir, güclü və beynəlxalq aləmdə nüfuzlu dövlət kimi mövcuddursa, bu, Heydər Əliyevin peşəkar idarəçiliyinin və uzaqgörən siyasətinin nəticəsidir. Onun dövlətçilik məktəbi, idarəetmə prinsipləri və siyasi irsi bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində öz əksini tapır və gələcək nəsillərə yol göstərir.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button