“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilməsi əhəmiyyətli hadisədir
Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu bundan öncəki forumlarda olduğu kimi, son dərəcə aktualdır. Bildiyimiz kimi hazırda dünyada gərginlik durmadan artır, mürəkkəb proseslər, ağır fəsadlara yol açan dağıdıcı müharibələr baş verir. Bu hadisələr beynəlxalq ictimaiyyəti, tərəqqipərvər xadimləri, siyasətçiləri dərindən narahat edir. Odur ki, yaşanan bu cür hadisələrin təhlili, dünyanın gələcəyi ilə bağlı aparılan müzakirələr əhəmiyyətli xarakter daşıyır. Habelə foruma bir çox ölkələrin, nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin, o cümlədən 68 ölkədən 400-dən çox qonağın qatılması bu platformaya inamı, ildən-ilə artan marağı göstərir. Əminik ki, bu dəfə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müzakirə edilən məsələlərin həlli yollarını dərindən araşdıracaq və gəlinən qənaəti beynəlxalq ictimaiyyətə ötürəcək”. Dövlətimizin başçısı cənab İlham Əliyev tədbirdə çıxışı zaman iştirakçıları regionda baş verən hadisələr, yeni reallıqlar, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin səbəbləri və nəticələri barədə ətraflı məlumatlandırdı. Məlumdur ki, bu gün dünyada, o cümlədən Avropada bəzi qüvvələr var ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını, beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasını həzm edə bilmir. Reallıqları gizlədərək, hadisələri təhrif edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Əsl həqiqəti dövlətimizin başçısı XI Forumda bir daha diqqətə çatdırdı. Təbii ki, hər kəsə, eləcə də ölkəmiz əleyhinə təbliğat aparan, qətnamələr qəbul edən şəxslərə və təşkilatlara da aydındır ki, Azərbaycan dövləti məcburi köçkünlərin öz evində yaşamaq hüququnu təmin edib, təcavüzkar ordunu öz ərazisindən təmizləyib, BMT-nin qətnamələrini icra edib, tarix boyu sülh və təhlükəsizliyə təhdid yaradan separatizmi aradan qaldırıb. Ona görə də ölkəmizə qarşı bu cür mövqe sərgiləyənlər əslində ədalətsiz olduqlarını, məsələyə riyakarcasına yanaşdıqlarını özləri də yaxşı bilirlər”.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı