Analitika

Özbəkistan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir.

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. İkitərəfli siyasi münasibətlər – Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olunmuşdur. Artıq əldə edilən nəticələr bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.

Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər mövcud olduğu üçün enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini təmin edir. Bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.

Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaqdır.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə almışdır.

Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olmuşdur.

Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir;

Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə olmuşdur.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşlər keçirir.

2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olmuşdur. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib;

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradılmışdır.

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır”.

Adil Əliyev,
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button