Analitika

Öz həqiqətlərimizi sübut etməliyik

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə gediblər.Buraya gələrkən azad olunmuş ərazilərdən, Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəLinir ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır.

Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir. Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.

Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda, fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur. Çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Azərbaycanda baş verən bir çox hadisələr və məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur və ya mən digər məsələlərlə məşğul olmuşam. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.

Birinci planda dayanıqlı inkişaf məsələləri durur, neft və qaz sektorundan asılılığın azaldılması dayanır. Bu hədəf, bu məqsəd neft hasil edən bütün ölkələrin qarşısında dayanır. Neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq. Çünki təbii resurslar bitən resurslardır, biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik.

Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, öz daxili səbəbləri var. Biz bilirik İkinci Qarabağ savaşı dönəmində bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button