Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.
Məhz, Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi. Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. Bundan sonra Ermənistan damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə. Sevinirik ki, üç il əvvəl doğma Ağdamımız bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu.
Qeyd edək ki, bu il iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edildi. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. Ötən müddət ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.
Kərimov Qara,
YAP-ın fəalı