Analitika

Otuz iki ildən sonra şuşalıların doğma Şuşaya qayıtması böyük tarixi hadisədir

Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, – bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, – yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uzun illər mən prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı. Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq – ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür – Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. O vaxt – 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı. Biz – onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Bugünkü bu bayram günü – mənim üçün və hamımız üçün ikiqat bayram günü bir daha onu göstərir ki, biz sülhsevər, biz qurub-yaradan xalqıq. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button