Öncədən planlaşdırılmış hərbi cinayət
Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Bu qırğın Azərbaycan xalqının azadlıq sevdasını boğmaq, həmçinin Qafqazda siyasi vəziyyəti nəzarət altında saxlamaq idi. Elə odur ki, keçmiş SSRİ ərazisində baş vermiş Azadlıq hərəkatlarının boğmaq və bu hərəkatların qarşısını almaq üçün ən vacibi Azərbaycanda siyasi və əvvəlcədən planlaşdırılmış bir hadisəni törətmək idi. Xalqın milli oyanışı və azadlıq sevdasını təbii ki, bu iyrənc bir siyasi oyun poza bilmədi. Xalqımız artıq öz müqəddəratını təyin etmək iqtidarında idi. Öncədən planlaşdırılmış hərbi cinayət. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir.
Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. O dövrdə siyasi hərc-mərclik hökm sürürdü. Kreml öz məkrli niyyətini həyata keçirmək üçün dinc əhaliyə divan tutdu. Xalq küçələrdə öz etirazını bildirərək yalnız və yalnız azadlıq ideyalarını təbliğ edir, ölmün gözünə dik baxaraq, azadlıq şərbətini içərək öz şirin canlarını fəda etmiş oldu. Bir düşüncə və bir məqsəd var idi, Azərbaycanı azad və firavan görmək idi. Elə odur ki, bu gün Azərbaycan Respublikası azad və dünyanın bir sıra inkişaf etmiş ölkələri sırasında yer almaqdadır. Canlarını fəda edən bu qəhrəmanların missiyası reallaşmış oldu, onların arzu etdikləri dövlət bu gün müstıqi olaraq yaşayır və üç rəngli bayrağımız qürurla dalğalanır. 20 Yanvar faciəsi xainlik və planlı, məqsədyönlü bir siyasətin üzərində qurlumaqla başladı. Qısa tarixə nəzər saldıqda Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.
“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu qırğının və faciənin törədilməsi üçün ən vacib məkan məhz Bakı olmalı idi. Bakı azadlığın və inqilabın məhz mərkəzi idi. Elə odur ki, bu prosesi yatırtmaq və xalqın azadlıq sevdasını boğmaq üçün ən əlverişli məkan idi. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. 20 Yanvar faciəsi baş verdikdən sonra Ulu öndər Heydər Əliyev bu prosesi kəskin tənqid edərək rəsmi Moskvanı günahlandıraraq Siyasi Büro üzvlüyündən imtina etdi. Məhz hakimiyyət illərində 20 Yanvar hadisələrinə onun qətiyyətli və uzaq görən siyasəti nəticəsində hüquqi qiymət verilmişdir. 20 Yanvar hadisələri Azərbaycan siyasi tarixində azadlıq, istiqlaliyyət və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olundu. Bu qəhrəmanlıq səlnaməsi min illər boyunca xalqımızın and və iman yeri olacaqdır.
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 №li məktəbin direktoru