
6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi. Bu çıxışda Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi və Türk dünyasının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq vurğulandı. Əliyev bildirdi ki, Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi üçün səylər göstərmişdir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsinin vacibliyini qeyd edərək, üzv ölkələrin böyük coğrafi ərazini əhatə etdiyini, müsbət demoqrafik dinamikaya malik olduğunu və hərbi potensialının döyüş meydanlarında dəfələrlə sübut olunduğunu bildirdi. O, Türk dövlətlərinin zəngin təbii resursları, müasir nəqliyyat infrastrukturu və zəngin mədəni irsinin böyük sərvət olduğunu vurğuladı.
2020-ci il Vətən müharibəsindən və Şuşanın azad edilməsindən bəhs edən Prezident İlham Əliyev, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin və Şuşada keçirilən Zirvə görüşünün rəmzi mənasını izah etdi. O, Şuşanın Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatında mühüm mərkəzlərdən biri olduğunu, Ermənistanın 1992-ci ildə işğal etdiyi Şuşanın azad edilməsinin Azərbaycan xalqının böyük arzusu olduğunu bildirdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə İkinci Qarabağ müharibəsinin başa çatdığını və Azərbaycanın hər il bu günü Zəfər Günü kimi qeyd etdiyini vurğuladı.
İlham Əliyev Şuşa şəhərinin 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunduğunu və 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini qeyd etdi. O, həmçinin Şuşanın TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini bildirdi. Azərbaycan və Türkiyə arasındakı rəsmi müttəfiqliyin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci ildə Şuşada imzalandığını xatırlatdı.
Prezident Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” Proqramı haqqında da məlumat verdi. Bu proqram çərçivəsində minlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıtdığını və bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdacağını bildirdi. O, həmçinin Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərinin qardaşlıq həmrəyliyinin təzahürü olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını və Azərbaycan tərəfindən Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüldüyünü bildirdi. O, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğuladı və Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artırılmasından danışdı. İlham Əliyev çıxışında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün bu ilin may ayında İstanbulda keçirilən Türk İnvestisiya Fondunun təsis iclasının önəmindən bəhs etdi. O, enerji sahəsində strateji tərəfdaşlığın və bərpaolunan enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Azərbaycanın bu il COP29 konfransına ev sahibliyi edəcəyini qeyd edən Prezident İlham Əliyev, bu tədbirin beynəlxalq ictimaiyyət tərəfindən ölkəyə olan böyük etimadın bariz nümunəsi olduğunu bildirdi. O, COP29-a sədrlik və tədbirin Bakıda keçirilməsi çərçivəsində Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev çıxışının sonunda imzalanacaq Qarabağ Bəyannaməsinin və qəbul ediləcək qərarların Türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu gücləndirəcəyinə inandığını ifadə etdi.
Görüş zamanı digər dövlət və hökumət başçıları da çıxış etdilər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan addımları xüsusi vurğuladı və Türk dünyası ilə iqlim məsələləri üzrə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirdi. Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın COP29-a uğurla sədrlik edəcəyinə əmin olduğunu və bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğuladı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Qarabağda apardığı quruculuq işlərini təriflədi və Türk Dövlətləri Təşkilatına üzv olduqlarını xatırlatdı. Türkiyə vitse-prezidenti Cevdet Yılmaz isə Şuşada olmağın böyük məmnunluq doğurduğunu və Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin bölgədə sülh və sabitlik üçün tarixi bir fürsət yaratdığını vurğuladı. O, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini qeyd etdi.
Beləliklə, İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və Türk dünyasının birliyinin möhkəmləndirilməsi üçün vacib mesajlar verdi. Şuşada keçirilən bu Zirvə görüşü Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə olacaqdır.
Haşımova Mətanət ,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi