Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.
Azərbaycan özünün çoxvektorlu xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə xüsusi önəm vermiş və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab etmişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 1997-ci ildə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulmuşdur. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan–NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışdır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilmişdir.
Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.
1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.
Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.
Sonrakı illərdə də Azərbaycan Prezidenti NATO-nun Baş katibi Xavyer Solana ilə görüşüb. 1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri dövründə Xavyer Solana və Heydər Əliyev görüşüblər. Bu görüşlərin əsas müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək məsələsi olub.
Təhlükəsizlik sahəsində əməkdaşlıq. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.
Müdafiə və təhlükəsizlik sektorunda islahatlar sahəsində əməkdaşlıq. Müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avroatlantik standartlara çatmaq və avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da Azərbaycan yararlana bilər. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunmuşdur. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir. 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirmişdir.
Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm və təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb. Beynəlxalq əməkdaşlıq sahəsində uyarlığın və əməkdaşlığın əldə olunmasında əhəmiyyətli rol oynayan xarici dillərin tədrisinin təkmilləşdirilməsində proqramın xüsusi əhəmiyyətini qeyd etmək olar. 2008-ci ildən fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında başlayan proqram 2018-ci ildən etibarən, Heydər Əliyev adına Hərbi İnstitut, 2021-ci ildən isə Hərbi Tibb Fakültəsinin pedaqoji heyətinin təkmilləşdirilməsi, kurikulumlarının müasir standartlara uyğunlaşdırılması və tətbiqinə beynəlxalq dəstəyini davam etdirir (Hal-hazırda sözügedən təhsil müəssisələri Milli Müdafiə Universiteti nəzdində fəaliyyət göstərirlər). XXI əsrin ən səmərəli təhsil formalarından biri olan distant təhsil proqramı Azərbaycan Ordusunda daha çox şəxsi heyətin təhsilə cəlb olunmasına, təhsilin fasiləsizlik prinsipinə əməl olunmasına, resursların qənaət olunmasına, eləcə də müasir çağırışlara cavab verməyə xidmət edir.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi