Ölkəmizin hər bir uğurunda Yeni Azərbaycan Partiyasının xüsusi rolu var
“21 noyabr 1992-ci ildə yaranan partiyamız ilk gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri var. Bu gün partiyamız ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı olduğunu vurğulayan Rəşadət Xalıqov əlavə edib ki, dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir, yeni-yeni hədəflərə nail olmaq üçün töhfələr verməsində stimul rolunu oynayır. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
Onun sözlərinə görə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin cənab Prezidentimizin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına layiqli töhfəsini verəcək.