Ölkəmizin Avropanın “yaşıl enerji” təchizatçısına çevrilməsi növbəti uğurumuzdur
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol sahiblərindən olan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr həyata keçirir. Fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi də bu kimi məqamların təqdimatında öz sözünü dedi. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın uğurlarından, tərəfdaş ölkələrlə əlaqələrinin inkişafından geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı