Ölkəmizi dünya miqyasında regionun lideri kimi tanıdan amillərdən biri də onun beynəlxalq tədbirlər üçün ideal məkana çevrilməsidir
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu öz işini başa çatdırıb. Tədbirdə 68 ölkədən 400-dən çox qonağın o cümlədən, müxtəlif ölkərdən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmək üçün ölkəmizə təşrif buyurmuşlar. Həmişə olduğu kimi postpandemiya dövrü də daxil olmaqla, Azərbaycan qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirir. Artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Məhz, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi daha da artmaqdadır. XI Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb. Yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb. Həmçini qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə də toxunulub.
Keçirilən Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın fəal siyasəti mühüm rol oynayır. Əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçirilən və müzakirə olunan mövzularının zənginliyi ilə seçilən XI Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası kimi tarixə düşəcək. Forumda müxtəlif panellər üzrə aparılan geniş mövzuların müzakirəsi dünyada sülh və əməkdaşlığı təşviq edir.
Bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldiltmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.