Analitika

Ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya bu sahədə qanunvericilikdə də dəyişikliklər etməyi labüd edirdi

Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi.

Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin formalaşmasında, fəaliyyətində müxtəlif amillər rol oynayıb və oynamaqdadır.

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşib. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labüd edirdi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib. Böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına həssas yanaşılıb. Yada salaq ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bununla bağlı müvafiq tapşırığı da olmuşdu. Tapşırığa əsasən layihə üzərində iş aparılarkən, əlaqədar ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdi. Bununla yanaşı, ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflərə də diqqət yetirilmişdi. Ümumən Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən  sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.

Layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

Həmin təkliflərdən sonra yeni qanun layihəsinin 1.1.4-cü və 12.7-ci maddəsində dəyişikliklər edilib. Eyni zamanda siyasi partiya üzvlərindən 5.3, 20.10 maddələrindən identifikasiya tələbi çıxarılır. Çünki deputatlar bunun qanunazidd olduğunu bildirmişdilər. Artıq bu tələb də çıxarılır. 7.3.2-ci maddəsində digər maddələrlə yaranmış ziddiyəti aradan qaldırmaq məqsədilə alınmış sözü, alınarkən sözüylə əvəz edilir. Həmçinin müzakirə zamanı mətn üzrə qərargahın yerləşdirilməsi sözləri qərargahla təmin olunması sözləri ilə əvəz edilib.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir çox mühüm məqamları özündə ehtiva edir. Heç şübhəsiz ki, Qanun layihəsi cəmiyyətdə yeni çağırışların, baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə ciddi fayda verəcəkdir”.

Islam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button