
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar və qəbul edilən strateji sənədlər Azərbaycanın milli iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən metal filizləri və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki proqram xarakterli çıxışı bir daha göstərdi ki, qeyri-neft sənayesinin, xüsusilə də ağır sənaye və metallurgiyanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qəbul olunmuş bu və digər analoji dövlət proqramları ölkə iqtisadiyyatının dayanıqlılığını artırmaqla yanaşı, onun milli gücünü və beynəlxalq rəqabət qabiliyyətini köklü şəkildə möhkəmləndirir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin qarşıdakı illərdə inkişafı ilə bağlı mühüm hədəflərin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Prezident İlham Əliyev çıxışında dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biri kimi qiymətləndirib və proqramın hazırlanması üçün bu ilin aprelində müvafiq Sərəncam imzaladığını qeyd edib.
Yeni Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanın qeyri-neft sənayesində yeni istehsal imkanlarının formalaşdırılması və mineral resursların iqtisadi dövriyyəyə daha səmərəli şəkildə cəlb edilməsidir. Proqramın 2027–2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur və bu dövr ərzində sektora ümumilikdə 5,3 milyard manat investisiyanın yatırılması planlaşdırılır. Bu vəsaitin 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması nəzərdə tutulur. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu göstəricilər sektorun iqtisadiyyatdakı rolunun əhəmiyyətli dərəcədə genişləndirilməsinin planlaşdırıldığını göstərir.
Proqramın ardıcıl icrası nəticəsində dağ-mədən və metallurgiya sənayesinin iqtisadiyyatda çəkisinin artması, yeni dəyər zəncirlərinin formalaşması və qeyri-neft sektorunun daha da şaxələndirilməsi istiqamətində mühüm nəticələrin əldə edilməsi nəzərdə tutulur. Dövlət Proqramının təsdiq edilməsi isə qarşıdakı illərdə bu sahədə həyata keçiriləcək tədbirlərin vahid strateji çərçivədə reallaşdırılmasına imkan verir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı


